BAKI, 23 may — Sputnik. Şağan olimpiya idman kompleksində yeniyetmə cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə ittiham olunan Ruslan Səfixanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Sputnik Azərbaycan APA-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edib.
Dövlət ittihamçısı Ruslan Səfixanovun xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirli bilinərək 20 il azadlıqdan məhrum edilməsini istəyib.
Prosesdə vəkillərə müdafiə çıxışına hazırlaşmaq üçün iyunun 5-nə kimi vaxt verilib.
Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində yerləşən idman arenasında baş verib.
İdman arenasında Yevlax rayon sakini, 2006-cı il təvəllüdlü Turan Rüstəmovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı T. Rüstəmova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Ruslan Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Ruslan Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.