BAKI, 23 may — Sputnik. Ermənistan Azərbaycan ərazisini 86,6 min kv.km olaraq tanıyır, bura Qarabağ da daxildir. Bu açıqlama ilə Ermənistan Baş naziri Nikol Paşinyan çıxış edib.
Ermənistan Baş nazirin bu açıqlaması ölkəsində birmənalı qarşılanmayıb. Ermənistan parlamentinin deputatları bildirib ki, Paşinyan bu açıqlaması ilə Ermənistanın milli təhlükəsizlik maraqlarını təhlükəyə atıb.
Ermənistan Baş nazirinin açıqlaması nə qədər xoşagələn olsa da, ancaq düşündürücü məqamlar da çoxdur. Çünki Qarabağda 44 günlük müharibəyə gətirib çıxaran addımlar Paşinyan hakimiyyəti dönəmində atılmışdı. Paşinyan Valdayda səsləndirdiyi fikrini dəyişmiş görünür.
Bəs Ermənistan Baş nazirinin bu açıqlamasının alt qatında hansı maraqlar və məqamlar gizlənib?
Sputnik Azərbaycan bununla bağlı politoloq Tofiq Abbasovu və Zərdüşt Əlizadənin fikirlərini öyrənib.
Paşinyan həqiqətən də sözünün ağasıdırsa, vasitəçilərdən imtina etməlidir
Politoloq Tofiq Abbasov bildirib ki, ilk dəfə deyil ki Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını deyir: "Belə açıqlamalardan sonra Paşinyan və onun sekundantları çalışırlar ki, prosesi yubatsınlar. Anlamaq olur ki, Paşinyan sadəcə ikibaşlı oyun oynayır. Söz vermək, vəd vermək hələ heç nə demək deyil. Digər tərəfdən Paşinyan hakimiyyəti pərdəarxası fitva qruplarının sözü ilə oturub durur. Onlar istəyirlər ki, belə açıqlamalarla Azərbaycanı aldatsınlar, tələyə salsınlar. Amma Azərbaycan bu cür gedişlərlə bağlı artıq təcrübəlidir".
Paşinyan həqiqətən də sözünün ağasıdırsa, vasitəçilərdən imtina etməlidir
Politoloq qeyd edib ki, Ermənistanın rəhbərlərinin dediyi sözlərin arxasında ciddi motivlər yoxdur: "Birinci ona görə ki, onlar özbaşına deyillər. Paşinyan gah Qərbə üz tutur, gah da Şərqə boylanır. Hər iki tərəfdən dəstək dilənir. Amma siyasət meydanında belə oyunlar təhlükəlidir. Azərbaycan isə bu proseslərdə heç nə itirmir. Biz görürük ki, boşluqlardan kim necə istifadə edir. Onlar mina istehsal edib, əraziləri minalamağa cəhd edirlər. Azərbaycan isə onların bu imkanlarını darmadağın edir. Onlar təxribata əl atır, Azərbaycan nəzarət buraxılış məntəqəsi quraşdırır. Bizim sözdən əmələ keçməyimiz burada maraqları olan bütün tərəfləri qorxudur. Paşinyan həqiqətən də sözünün ağasıdırsa, vasitəçilərdən imtina etməlidir. Azərbaycan bunu edə bilər. Çünki üzbəüz danışmaq daha münasib format olar".
Ermənistanda Paşinyana qarşı çıxacaq qüvvələrin imkanları daralır
Politoloq Zərdüşt Əlizadə isə deyib ki, Rusiyanın Ermənistana təzyiq gücü azaldığına görə, Paşinyan belə bir açıqlama ilə çıxış edir: "Ermənistanda Paşinyana qarşı çıxacaq qüvvələrin imkanları daralır. Ona görə də Qarabağın Azərbaycana aid olması fikri ilə çoxdan razılaşmış Paşinyan özündə güc tapıb belə bir fikir səsləndirir".
Paşinyan Ermənistan dövlətinin mənafeyinə xidmət edən mövqe ortaya qoyur
Politoloq xatırladıb ki, Paşinyan hələ sıravi deputat olarkən dəfələrlə demişdi ki, Qarabağı Azərbaycanın ərazisi kimi tanımaq, KTMT-dən, Gömrük İttifaqından çıxmaq lazımdır: "Baş nazir olandan sonra gördü ki, mənzərə çox kədərlidir və erməni xalqı bu fikirləri qəbul etmək iqtidarında deyil. Ona görə də, Baş nazir olan kimi vəzifədə qalmaq naminə "Artsax, Artsax" deyə bağırmağa başladı. Nəticə olaraq da, münaqişə müharibə mərhələsinə keçdi. Müharibədə məğlub olduqdan sonra da dəfələrlə Qarabağla bağlı Ermənistan ictimaiyyətinə müraciət etdi, ancaq hər dəfəsində mənfi reaksiya ilə üzləşdi. İndi Rusiyanın başı Ukrayna münaqişəsinə qarışıb və Ermənistana təzyiq imkanları zəifləyib. Ona görə də Paşinyan özündə güc tapıq Ermənistan dövlətinin mənafeyinə xidmət edən bu mövqeni ortaya qoyur".