BAKI, 23 may — Sputnik. "Mikayıl Müşfiqə aid olduğu ehtimal olunan qalıqların müayinəsi bu gün də davam etdirilir".
Sputnik Azərbaycan-ın APA-a istinadən xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib. O bildirib ki, lakin hələ bu istiqamətdə konkret bir nəticə yoxdur.
"Onunla yanaşı digər siyasi xadimlərin də qalıqları var idi. Həmin qalıqların da kimə aid olduğu müəyyənləşdirilməyib".
Xatırladaq ki, 2020-ci ildə Bakının Puta qəsəbəsində görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqların çıxarıldığı barədə KİV-də məlumat yayılmışdı.
Bundan Prezident İlham Əliyev Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş nakam şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işçi qrupuna Mikayıl Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı KİV-lərdə gedən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNK analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib. Mikayıl Müşfiqə aid olduğu iddia edilən qalıqların aşkarlandığı yer Qaradağ rayonu ərazisində vaxtilə "NKVD qəbiristanlığı" olub.