İQTİSADİYYAT

Azərbaycana xaricdən pul köçürmələri kəskin azalıb

Bu ilin 4 ayında Azərbaycanda sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara 651,5 milyon manat vəsait daxil olub.
Sputnik
BAKI, 23 may — Sputnik. 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara 651,5 milyon manat vəsait daxil olub. Ölkəmizdə sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklardan xaricə köçürülən vəsaitin həcmi isə 138,9 milyon manat olub.
Sputnik Azərbaycan Mərkəzi Bankın statistik bülleteninə istinadla xəbər verir ki, cari ilin ilk 4 ayında keçən ilin yanvar-aprel aylarına nisbətən Azərbaycana pul köçürmələri 25,3 faiz və ya 221,3 milyon manat, ölkədən xaricə köçürmələr isə 44,6 faiz və ya 111,9 milyon manat azalıb.
Qeyd edək ki, təkcə 2023-cü ilin aprel ayında Azərbaycana sürətli pul köçürmələri vasitəsilə banklara 131 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 28 milyon manat təşkil edib.