RUSİYA

Aİ Macarıstan razı olmadığına görə Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etməyib

Macarıstan Rusiyadan malların ticarətinə əlavə məhdudiyyətlərin qoyulmasına qarşıdır.
Sputnik
BAKI, 23 may — Sputnik. Avropa İttifaqının nazirləri Rusiyaya qarşı 11-ci sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər.
Həmçinin, Ukraynaya silah tədarükünün gələcək maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edilməyib. Rusiya KİV-lərinin yazdığına görə, buna səbəb Macarıstan tərəfinin sənədin bəzi bəndləri ilə bağlı fikir ayrılığı olub. Macarıstan rəsmiləri hesab edir ki, yeni sanksiyalar paketi Avropa ölkələrinin iqtisadiyyatına ciddi ziyan vuracaq.
Macarıstanın xarici işlər naziri Peter Siyyarto qeyd edib ki, Macarıstan Rusiyadan malların ticarətinə əlavə məhdudiyyətlərin qoyulmasına qarşıdır. Bundan əlavə, Macarıstan Rusiya ilə əməkdaşlıqda şübhəli bilinən Çin şirkətlərinə qarşı sanksiyaların əleyhinədir.
"Bizə edilən təzyiqlərə baxmayaraq, nüvə sənayesinə təsir edən istənilən sanksiyalara qəti şəkildə qarşı çıxacağıq, çünki bu, Macarıstanın enerji təhlükəsizliyinə aiddir. Biz heç bir halda Macarıstanın enerji təchizatının təhlükəsizliyini riskə atmayacağıq", - deyə Siyyarto macar jurnalistlərlə görüşdə bildirib.
Macarıstan, həmçinin OTP bankı ilə bağlı vəziyyəti həll etməyi tələb edir.
Bundan əvvəl xəbər verilmişdi ki, "The Guardian" jurnalistlərinin fikrincə, "Böyük yeddilik" ölkələrinin Rusiyaya qarşı sanksiya təzyiqlərini artırmaq qərarı Qərbin çarəsizliyinə işarədir.