BAKI, 22 may — Sputnik. Yaxın günlərdə taxıl müqaviləsindəki problemli məsələlərlə bağlı Türkiyə, BMT, Rusiya və Ukraynanın texniki nümayəndə heyətləri arasında onlayn formatda danışıqlar aparıla bilər.
Danışıqlarla tanış olan mənbə bu barədə "RİA Novosti"yə məlumat verib.
BMT baş katibinin mətbuat katibinin müavini Fərhan Hak brifinqdə bildirib ki, gələn həftə Rusiya, Ukrayna, Türkiyə və BMT-nin iştirakı ilə ərzaq sazişi üzrə görüş keçirilə bilər.
"Yaxın günlərdə texniki nümayəndə heyətlərinin danışıqlarının davam edəcəyini gözləyirik. Onlar işlərini özlərinin hakim dairələrinə təqdim edəcəklər", - deyən agentliyin həmsöhbəti bildirib ki, "danışıqlar onlayn formatda keçirilə bilər".
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan Qara Dəniz Taxıl Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Gəmilərin hərəkətinin koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir. Rusiya Prezidenti Vladimir Putin sentyabrda qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini Afrikanın ehtiyacı olan ölkələrinə deyil, öz dövlətlərinə ixrac edir.
Taxıl təşəbbüsü paket sazişinin tərkib hissəsidir. İkinci hissə, üç illik Rusiya-BMT memorandumu, Rusiyanın ərzaq və gübrə ixracının blokdan çıxarılmasını, Rusiya Kənd Təsərrüfatı Bankının SWIFT-ə yenidən qoşulmasını, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və xidmətlərin tədarükünün bərpasını, Tolyatti-Odessa ammonyak boru kəməri və bir sıra digər tədbirlərin işini bərpa etməyi nəzərdə tutur. Moskvada qeyd edildiyi kimi, paket sazişinin bu hissəsi hələ də həyata keçirilməyib.