BAKI, 22 may — Sputnik. Türkiyədə dollar yenidən rekord səviyyədə bahalaşıb.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, USD/TL-də yüksəliş tempi yeni həftənin ilk ticarət günündə də davam edib. Dolların məzənnəsi 20 lirəni aşaraq rekord qırıb.
Üç günlük tətildən sonra daxili bazarlar prezident seçkilərinin ikinci turu öncəsi son ticarət həftəsinə başlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN-ə verdiyi müsahibədə faiz dərəcələrini aşağı salmağa davam edəcəyinə işarə edib.
Ərdoğanın faiz açıqlaması və bazar günü keçiriləcək seçkilər öncəsi dollar/TL yeni həftəyə rekord qıraraq başlayıb. Belə ki, 4,3 faiz artaraq 20,6588-ə yüksələn USD/TL sonra qazanclarının bir hissəsini geri qaytararaq 19,82-də dayanıb.
Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan mayın 19-da CNN-ə verdiyi müsahibədə seçkinin ikinci turunda qalib gələcəyi təqdirdə faizlərin daha da aşağı salınacağı mesajını verib.
“Faiz səbəb, inflyasiya nəticədir” tezisini təkrarlayan Ərdoğan bildirib ki, indi faiz 8,5-dir və inflyasiya aşağı düşür, daha da aşağı düşəcək. Bu ölkədə faiz dərəcəsi ilə inflyasiya mütləq aşağı düşəcək və xalqım özlərini daha rahat hiss edə biləcək bir vəziyyətdə olacaq. Mən bunu bir iqtisadçı kimi deyirəm, ona görə də uydurma deyil. Belə bir vəziyyət olmasaydı, onsuz da enməzdi.
Qeyd edək ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə R.T.Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq.