DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İranda yüksək səviyyəli təhlükəsizlik məmuru 10 ildən sonra dəyişdi

Prezident İbrahim Rəisi Ali Şamxaninin (68) yerinə Əli Əkbər Əhmədiyanı (62) yüksək təhlükəsizlik məmuru təyin edib.
Sputnik
BAKI, 22 may — Sputnik. İranın ali dini lideri Ayətullah Əli Xameneiyə yaxın olan Əli Şamxani 10 il ərzində tutduğu Milli Təhlükəsizlik Şurasının Baş katibi vəzifəsindən azad edilib. Onun yerinə İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli simalarından biri olan Əli Əkbər Əhmədyan təyin edilib.
İran dövlət mediasının məlumatına görə, Prezident İbrahim Rəisi Ali Şamxaninin (68) yerinə Əli Əkbər Əhmədiyanı (62) yüksək təhlükəsizlik məmuru təyin edib.
90-cı illərdə İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələri Komandanlığını Şamxanidən təhvil alan və 7 il İnqilab Keşikçiləri Korpusunun Baş Qərargah rəisi vəzifəsində çalışmış Əhmədiyan son olaraq İnqilab Keşikçiləri Strateji Araşdırmalar Mərkəzinin direktoru olub.
ABŞ-ın sanksiyalar siyahısında olan adam
Əhmədiya həm diş cərrahiyyəsi, həm də strateji idarəetmə üzrə doktorluq dərəcəsinə malikdir. Şamxanidən fərqli olaraq, əvvəllər heç bir hökumət vəzifəsində işləməyən, heç bir prezident və ya fraksiya ilə əlaqəsi olmayan, sırf hərbi nizamın nümayəndəsi olan Əhmədiyan, Şamxani və İnqilab Keşikçiləri Korpusunun yüksək vəzifəli şəxsləri kimi ABŞ-ın sanksiya siyahısındadır.
Milli Təhlükəsizlik Şurasının Baş katibinin dəyişməsi dini lider Xameneyinin maneələri dəf etmək üçün lazım gəldikdə xarici siyasətdə çeviklik nümayiş etdirilməli olduğu mesajlarından sonra baş verib.
1997-ci ildən 2005-ci ilə qədər, Prezident Məhəmməd Hatəminin hakimiyyəti dövründə iki müddət müdafiə naziri vəzifəsini icra edən Şamxani, 2013-cü ildə Prezident Həsən Ruhani tərəfindən Milli Təhlükəsizlik Şurasının Baş katibi vəzifəsinə təyin edilib.
İranlı ərəb təhlükəsizlik iyerarxiyasının zirvəsinə yüksəlir
İranlı ərəb ailəsindən olan və onilliklər ərzində İranın siyasi spektrində fəaliyyət göstərən Şamxani, Çinin vasitəçiliyi ilə mart ayında Pekində nəhayət əldə edilən Səudiyyə Ərəbistanı ilə İran arasındakı münasibətləri normallaşdırmaq üçün Tehran adından saziş imzalayıb.
Dünən "Twitter"də bir şeirdən sitat gətirərək istefa verdiyini bildirən Şamxaninin adı, sabiq müdafiə nazirinin müavini Əli Rza Əkbərinin İngiltərəyə casusluq ittihamı ilə edam edilməsi ilə nəticələnən işə də cəlb olunub.
Aylardır işdən çıxarılması ilə bağlı çağırışlar və xəbərlərlə gündəmdə olan Şamxani, Baş Katiblikdəki postunu təhvil verdikdən sonra çox güman ki, növbəti yüksək vəzifəyə təyinat alacaq.