BAKI, 22 may — Sputnik. Rusiya Ermənistanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mövzusunda dialoqu davam etdirəcək, bu təşkilat səmərəlidir və inkişaf potensialına malikdir. Bunu bazar ertəsi jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın KTMT-ni "gücsüz" hesab edəcəyi təqdirdə onun tərkibindən çıxmaq barədə qərar verəcəyi barədə bəyanatını şərh edərkən deyib.
"Ermənistanın baş nazirinin bəyanatına gəlincə, o zaman biz təbii ki, erməni dostlarımızla dialoqumuzu davam etdirəcəyik, onlarla KTMT-nin fəaliyyətində gələcək birgə iştirakımız barədə danışacağıq", - Kreml sözçüsü bildirib.
Peskov ümumilikdə KTMT-nin iştirakçı ölkələr arasında nüfuza malik olduğunu vurğulayıb.
"Bu, əvvəllər müxtəlif situasiyalarda öz effektivliyini nümayiş etdirmiş və bizim nöqteyi-nəzərimizdən daha da inkişaf etmək üçün potensiala malik olan təşkilatdır", - Rusiya Federasiyası Prezidentinin mətbuat katibi bildirib.
Rusiya Xarici İşlər Nazirliyi bir qədər əvvəl qeyd edib ki, İrəvan KTMT missiyası istiqamətində işi məntiqi sona çatdırmadan Aİ-nin xeyrinə seçim etməyə üstünlük verib.
Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyası Ermənistan ərazisində fəaliyyət göstərmir.
"Təşkilat Ermənistan sərhədlərini müəyyən etməyib və bu məsələ həll olunandan sonra mövcud problemlərin 90 faizi aradan qaldırılacaq", - Paşinyan deyib.
Baş nazir Ermənistanın hələ ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qırğızıstanda keçiriləcək hərbi təlimlərində iştirakla bağlı yekun qərar vermədiyini də açıqlayıb.
"KTMT ilə münasibətlərə gəldikdə isə, bizə elə gəlir ki, bu təşkilat Ermənistana girmək əvəzində ondan çıxır", - Paşinyan bildirib.
"Ermənistan bu barədə o zaman de-yuri qərar qəbul edəcək ki, KTMT-nin Ermənistandan çıxdığını müşahidə edəcək, yəni onun öz öhdəliklərini yerinə yetirmədiyi baş verəcək", - o. əlavə edib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.