BAKI, 22 may — Sputnik. 44 günlük müharibədə həlak olan erməni əsgərlərin valideynləri artıq üçüncü gündür ki, Ermənistan hökumətinin binası yaxınlığında baş nazir Nikol Paşinyanın oğlunu qaçırmaqda ittiham olunaraq həbs edilən qadının azadlığa buraxılması tələbi ilə oturaq aksiya keçirirlər. Bu barədə "RİA Novosti" məlumat verir.
Paşinyan ailəsinə məxsus "Haykakan Jamanak" qəzeti mayın 17-də Aşot Paşinyanın oğurlanması cəhdi barədə məlumat yayıb və buna görə Qarabağda şəhid olan əsgərlərin valideynlərini birləşdirən "Oğulların harayı" təşkilatının üzvlərini günahlandırıb. Qəzet iddia edir ki, təşkilat üzvləri Aşot Paşinyanı zorla maşınlarına mindiriblər, lakin o, qaça bilib, onu başqa maşın vurub. Zərərçəkmiş xəsarət alıb və hüquq-mühafizə orqanlarına müraciət edib. Faktla bağlı cinayət işi başlanıb. Məhkəmə ölən hərbçinin anası Qayane Akopyanı adam oğurluğu ittihamı ilə bir ay müddətinə həbs edib.
"Bu, tələbi açıq aksiyadır. Biz Qayane Akopyanın azadlığa buraxılmasını tələb edirik. İttiham uydurmadır və bir nəfərin ifadəsinə əsaslanır", - etirazçılardan biri jurnalistlərə bildirib.
"Oğulların harayı" təşkilatı adam oğurluğu ittihamını rədd edir. Onlar qeyd ediblər ki, təşkilat üzvləri təsadüfən Aşot Paşinyanla görüşüblər, yalnız qurbanların anaları ona yaxınlaşıb, maşına minməyi, söhbət etməyi və İrəvandakı Yerablur hərbi qəbiristanlığına birlikdə getməyi təklif ediblər. Təşkilat iddia edir ki, Aşot Paşinyan etiraz etmədən analardan birinin maşınına minərək heç bir müdaxilə olmadan Yerablura gedib, daha sonra yolda "naməlum səbəbdən maşından düşüb". Təşkilatın bəyanatında qeyd olunur ki, baş nazirin oğlunun getdiyi avtomobildə yalnız ölən hərbçinin anası olub.