BAKI, 22 may - Sputnik. Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da işgüzar səfərdədir.
Xarici İşlər Nazirliyinin məlumatına görə, nümayəndə heyəti ABŞ Senatının üzvləri Senator Tom Koton, Senator Ben Kardin, Konqresin Nümayəndələr Palatasının üzvləri Cək Berqmən, Çak Flayşmən, Mayk Ezel və Robert Aderholt ilə görüşüblər.
Görüşlərdə ABŞ-Azərbaycan ikitərəfli əlaqələri, həmçinin regionda gedən proseslər, eyni zamanda Ermənistanla aparılan sülh danışıqları barədə qarşı tərəf məlumatlandırılıb.
Konqres üzvləri, həmçinin post münaqişə dövründə davam edən mina təhdidləri, bərpa və yenidənqurma işləri barədə məlumatlandırılıblar.
Görüşlərdə, “Laçın” sərhəd buraxılışı məntəqəsinin təsis edilməsi ilə əlaqədar ABŞ-da fəaliyyət göstərən radikal erməni təşkilatlarının Konqres üzvlərinə təqdim etdikləri həqiqətə uyğun olmayan və əsassız məlumatların, bu çərçivədə ABŞ Konqresinin üzvləri tərəfindən birtərəfli və ABŞ-ın milli maraqlarına xidmət etməyən qətnamələrin irəli sürülməsinin iki ölkə arasında əlaqələrlə yanaşı, hazırda davam edən sülh danışıqlarına da zərər verdiyi vurğulanıb.
Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə nümayəndə heyəti ABŞ-Azərbaycan Ticarət Palatasını ziyarət edib və Kolumbiya Əyaləti və ətraf ştatlarda yaşayan Azərbaycan icmasının fəalları ilə görüşüb.
Nazir müavini və nümayəndə heyəti 21 may tarixində Nyu York şəhərində Azərbaycan bayrağı ucaldılması tədbirində iştirak edərək, orada çıxış edib.
Nyu Yorka səfər çərçivəsində nümayəndə heyətinin Nyu York şəhər meriyasının xarici əlaqələr komissiyasının sədri Edvard Mermelştayn ilə görüşü keçirilib.
Nazir müavini Nyu Yorkda həmçinin yerli azərbaycanlı icması ilə görüş geçirib.
Nümayəndə heyətinin ABŞ-a səfərinin 24 may tarixinədək davam etməsi və digər rəsmi şəxslərlə görüşlərin keçirilməsi nəzərdə tutulur.