BAKI, 21 may — Sputnik. Ukrayna hazırda Şimali Atlantika Alyansına qoşulmaq üçün tələb olunan bir çox meyarlara cavab vermir. Bunu Almaniya kansleri Olaf Şolts “G7” qrupunun sammiti çərçivəsində "Welt" telekanalına müsahibəsində deyib.
“Biz Buxarestdə NATO-ya üzvlük perspektivini formalaşdıran qərar qəbul etmişik”, - deyə Şolts Ukraynanın NATO-ya mümkün daxil olmasını şərh edərkən deyib.
Eyni zamanda o qeyd edib ki, yaxın gələcəkdə bunun baş verməyəcəyi dərhal bəlli olub.
“Əlbəttə, NATO-nun özü üçün formalaşdırdığı meyarlar arasında Ukraynanın hazırda yerinə yetirə bilmədiyi bir çox şərtlər var”, - Almaniya hökumətinin başçısı bildirib.
Eyni zamanda, Şolts diqqəti hazırda baş verənlərə, xüsusən də Kiyevə gələcək dəstəyə yönəltməyin zəruriliyini bir daha vurğulayıb.
Mayın 15-nə keçən gecə “The Washington Post” öz mənbələrinə istinadən yazıb ki, NATO ölkələri Vilnüsdə keçirilən sammitdə Şimali Atlantika Alyansına üzv olmaq üçün Ukraynaya dəvət göndərməmək qərarına gəliblər.
Nəşrin yazdığına görə, Kiyevin çağırışlarına baxmayaraq, alyans ölkələri arasında NATO-nun iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammiti zamanı Ukraynaya üzv olmaq üçün rəsmi dəvət göndərməsilə bağlı konsensus yoxdur.
2008-ci ilin aprelində Buxarestdə keçirilən NATO sammitində Ukraynanın NATO-ya üzv olacağına dair siyasi bəyanat qəbul edilib, lakin ölkənin təşkilata qoşulması üçün hüquqi prosesdə ilk addım olan Üzvlük Fəaliyyət Planını təqdim etməkdən imtina edilib. 2019-cu ilin fevralında Ali Rada Ukrayna Konstitusiyasına NATO-ya üzv olmaq istəyini təsbit edən dəyişiklikləri təsdiqləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.