BAKI, 21 may — Sputnik. Qlobal təhlükəsizliyə ən böyük təhlükə Çindir. Bunu Böyük Britaniyanın baş naziri Rişi Sunak Yeddilik Qrupunun (G7) Xirosimada keçirilən zirvə toplantısının yekunları üzrə bildirib.
"Böyük yeddilik Çinə münasibətdə vahid nümayiş etdirdi. Çin əsrimizin qlobal təhlükəsizlik və rifah üçün ən böyük çağırışdır", - Britaniya hökumətinin başçısı bildirib.
Xatırladaq ki, G7 liderləri Çinlə konstruktiv və sabit münasibətlər qurmağa hazır olduqlarını, Tayvan boğazında sabitliyin vacibliyini bir daha təsdiqlədiklərini və “vahid Çin” siyasətinə sadiq olduqlarını bildiriblər.
Sammit iştirakçıları nüvə silahı olmayan dünyaya və kimyəvi, bioloji silahlara dair konvensiyaların effektiv şəkildə həyata keçirilməsinə çağırıblar.
Çin Xarici İşlər Nazirliyinin bəyanatında isə bildirilib ki, “G7” dövlətləri sülh, sabitlik və firavanlığa doğru irəliləməkdən danışır, amma əslində bu, beynəlxalq sülhə mane olur, regional sabitliyə zərər verir və digər ölkələrin inkişafını boğur.
Qeyd olunub ki, “G7” dövlətlərinin bəyanatları heç bir beynəlxalq etimad doğurmur:
“Çinin ciddi narahatlığına məhəl qoymayan G7, Çinlə əlaqəli məsələləri manipulyasiya etməkdə, Pekini təhqir etməkdə və ölkənin daxili işlərinə kobud şəkildə müdaxilə etməkdə israr edir. Tayvan məsələsinin həlli Çin xalqının işidir və buna onlar qərar verməlidir. “G7” Tayvan boğazı boyunca sülhün qorunmasını elan etməyə davam edir, lakin heç vaxt Tayvanın müstəqilliyinə qarşı olduqlarını xatırlatmır. Heç kim Çin xalqının güclü əzmini, iradəsini, milli suverenliyi və ərazi bütövlüyünü müdafiə etmək qabiliyyətini qiymətləndirməməlidir".
Sənəddə o da qed olunb ki, Honqkonq, Sincan və Tibetin işləri sırf Çinin daxili işləridir və Çin insan hüquqları adı altında kənar qüvvələrin istənilən müdaxiləsinə qəti şəkildə qarşı çıxır.
"“G7” Honqkonq, Sincan və Tibetlə bağlı məsələlərdə Çini ittiham etməyi dayandırmalı və öz tarixləri və insan haqları pozuntuları haqqında dərindən düşünməlidir”, - deyə bəyanatda vurğulanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.