BAKI, 21 may — Sputnik. Rusiya Dövlət Duma Şurası Polşaya qarşı tədbirlər, o cümlədən Rusiya ərazisindən yük maşınlarının tranziti məsələsinə baxacaq və bu halda Polşanın xərcləri təxminən 8,5 milyard avro ola bilər. Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
"Bu gün Polşanın Rusiyadan qazanc əldə etməsinə qadağa qoymaq düzgün olardı. Polşa yük maşınlarının ölkəmizin ərazisindən keçməsini dayandırsın. Malları yenidən Rusiya yük maşınlarına doldursunlar. Vətəndaşlarımız daşınmadan pul qazanacaqlar. Bu halda Polşanın xərcləri təxminən 8,5 milyard avro təşkil edə bilər”, - deyə Volodin teleqram kanalında yazıb.
Dövlət Dumasının rəhbəri bildirib ki, Polşa bir dövlət kimi yalnız Rusiyanın sayəsində mövcuddur. Bununla belə, Polşa ona azadlıq gətirən Sovet əsgərinin abidələrini sökərək, Rusiya məktəblərini bağlamaqla yaddaşı ləkələyir və tarixdən imtina edir.
Volodin onu da qeyd edib ki, sovet xalqı müharibədən sonrakı dövrdə Polşanın bərpasına və inkişafına 750 milyard dollardan çox (bugünkü hesablamalara görə) xərcləyib, 800-dən çox sənaye, energetika və nəqliyyat obyekti tikib.
“Ümumi tarixdən imtina edərək, əsgər və zabitlərimizin xatirəsini ləkələyən Polşa İkinci Dünya Müharibəsi nəticəsində ələ keçirdiyi əraziləri geri qaytarmalı, müharibədə və müharibədən sonrakı illərdə ona sərf olunan vəsaiti ölkəmizə qaytarmalıdır”, – Volodin yazıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.