CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kimlər əfv olunur və bu necə həyata keçirilir?

Hüquqşünas bildirir ki, insan cinayət törədib həbs olunubsa, üç-yeddi ilini və ya daha çoxunu içəridə qalıb digər kriminal düşüncəli şəxslərlə söhbət etməklə keçirirsə, bu zaman islah olunmaqdan söz belə gedə bilməz
Sputnik
BAKI, 21 may — Sputnik. Bir neçə gün əvvəl Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv sərəncamı imzalayıb.
Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncamı cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb.
Bunadək də əlamətdar tarixlərlə əlaqədar əfv sərəncamları imzalanıb.
Maraqlıdır ki, adları sərəncama düşmüş şəxslər həqiqətən də islah olunaraq azadlığa çıxırlar? Yəni, azadlığa çıxdıqdan sonra bu şəxslər cəmiyyət üçün təhlükə hesab edilə bilərmi?
Vəkil Türkel Süleymanlı Sputnik Azərbaycan-a açıqlamaısnda bildirib ki, məhbusun əfv sərəncamına düşməsi üçün müəyyən şərtlər var: "Məhbusun adının əfv sərəncamına düşməsi üçün o cəzasının yarısını çəkməlidir. Bundan başqa, əfv olunan şəxslərə görə cəzaçəkmə müəssisələrindən müəyyən "tərcümeyi-hal" alınmalıdır. Onlar cəzaçəkmə müddətində qanunu pozmayan şəxslər olmalıdırlar. Hər bir halda əfv məsələsi individual həll olunan məsələdir".
"Adətən əfv olunanların əksəriyyəti cəmiyyət üçün böyük təhlükə hesab olunmayanlardır. Yəni, insan həyatı üçün təhdid hesab edilməyən şəxslər - oğrular, dələduzlar, əmlakı mənimsəyənlər və s. əfv olunur. Bəzən külli miqdarda dövlət əmlakını mənimsəyənlər də əfv olunur, amma min manatadək rüşvət alan şəxs sonadək cəzasını çəkir, halbuki onun cəmiyyətə vurduğu ziyan bu vəsaitdən artıq deyil. Belə şəxsin 7-8 il həbsxanada dövlət hesabına saxlanılmasından nə qazanacağıq ki?! Dövlət bu məsələyə həmin şəxsin vurduğu ziyandan 100 dəfə artıq vəsait xərcləyir", - deyə o əlavə edib.
Həmsöhbətimiz bildirir ki, bəzi şəxslərin əfvi cəmiyyət üçün böyük təhlükə hesab oluna bilər: "Terror törədənlər, narkotik maddələrin külli miqdarda ticarəti ilə məşğul olanlar, xüsusi amansızlıqla adam öldürmüş şəxslər cəmiyyət üçün böyük təhlükə hesab olunur. Lakin qeyd edim ki, adətən belə şəxslər əfv olunmur".
O, hüquqşünas olaraq daha çox amnistiyanın verilməsinin tərəfdarıdır: "Adətən yüngül və az ağır cinayətlərə görə amnistiya düşür. Yəni, ağır cinayətlərə törədən şəxs amnistiyaya düşmür. Bu səbəbdən də amnistiyanın olmasının tərəfdarıyam. Lakin təəssüflər olsun ki, amnistiya çox az tətbiq olunur. Digər məsələ isə ondan ibarətdir ki, əfvə düşmək çətindir. Əfv sərəncamına düşmək üçün kifayət qədər müraciətlər edilsə də, bu onların az qisminə şamil olunur. Amnistiya isə daha geniş kütləni əhatə edə bilir".
Bu şəxslər islah olunurmu?
T.Süleymanlı bildirir ki, sovet dövründəki islah əmək müəssisələri hazırda sadəcə cəzaçəkmə müəssisəsi adlanır: "Yəni, müəssisələrin adında belə islah sözü yoxdur: "İnsan cinayət törədib həbs olunubsa, üç-yeddi ilini və ya daha çoxunu içəridə qalıb digər kriminal düşüncəli şəxslərlə söhbət etməklə keçirirsə, bu zaman islah olunmaqdan söz belə gedə bilməz. Bir çox hallarda Azərbaycanda cinayətkarlar islah olunmadan azadlığa çıxırlar. Yəni, hazırkı vəziyyətdə əfvin cəmiyyətimiz üçün müsbət nəticəsi yoxdur".
Bəs əslində necə olmalıdır?
Həmsöhbətimiz qeyd edir ki, aparılan araşdırmalar da göstərir ki, dünyada bir çox cinayətlər məhz avaralıqdan yaranır: "Heç bir işlə məşğul olmayan şəxs potensial cinayətkardır. Cəmiyyətdə hər kəsə şərait yaradılmalıdır ki, əmək ilə özünü təmin edə bilsin. Çünki hər bir ölkədə işsizlik artanda kriminal da artır. Aparılan statistikalar da göstərir ki, cinayətkarlar ilk cinayət hadisələrini məhz ehtiyacdan, çörəyə görə törətdiklərini etiraf edirlər".
"Düşünürəm ki, cəmiyyət üçün daha az təhlükəli hesab edilən şəxslərin əfvi daha məqsədəuyğun olar. Şəxs oğurluq edib, ailəsi də dəyən ziyanı ödəyibsə, bu cür şəxslərə şans vermək daha məqsədəuyğundur", - deyə o əlavə edib.
Hüquqşünas bildirir ki, cəzaçəkmə müəssisələrində psixoloqlar olmalıdır: "Bu şəxslərin reabilitasiyası, cəmiyyətə adaptasiyası üçün xüsusi proqramlar olmalıdır. Keçmiş məhkumlar arasında elələri var ki, işlə təmin olunsa, işləyərlər. Müxtəlif dövlət müəssisələrində bu şəxslər işlə təmin olunmalıdırlar. Bu şəxslərə yenidən şans vermək lazımdır. Belə olsa, inanıram ki, bu şəxslərin əksəriyyəti təkrar cinayət törətməzlər. Lakin "həbsxanadan çıxıb" deyərək bu şəxsləri cəmiyyətdən çıxdaş etdikdə, onlara heç bir şərait yaratmadıqda, işlə təmin etmədikdə həmin şəxslərin qapısı bağlanır. Keçmiş məhbuslar da yaşamalıdırlar. Cavan vaxtı bir səhv edibsə, azadlığa çıxdıqdan sonra acından ölməli deyil. Cəmiyyət bu şəxsləri özündən kənara itələməməlidir. Bu şəxslərə tövbə etmək üçün imkan vermək lazımdır".
Həmsöhbətimiz bildirir ki, məlumatlılıq səviyyəsinin artırılması üçün hansı cinayət hadisələri törədən şəxslərin əfv olunması məsələsi də cəmiyyətə açıqlanmalıdır.
Əfv olunacaq şəxslərlə bağlı hər bir detal xırdalığına qədər araşdırılır
Millət vəkili Fazil Mustafa isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əfv humanist addım kimi qiymətləndirilir, lakin bu humanizm hamıya eyni vaxtda şamil oluna bilməz: "Cəmiyyət üçün ictimai təhlükəlilik məsələsi, daha sonra cəza müddətinin yarıdan çoxunun çəkilməsi məsələsi önəmlidir. Bundan başqa, ədalət naminə zərərçəkmiş şəxslərin mövqeyinin nəzərə alınması da vacibdir. Bütün bu məsələlər demokratik atmosferdə, səsvermə yolu ilə müzakirə olunaraq qəbul olunur. Bu səbəbdən də hansısa ədalətsiz yanaşma istisna olunur. Çünki hər kəs konkret şəxslərin bütün xarakteristikasını dəqiqliklə öyrənir və onun cəmiyyətdə doğuracağı rezonansa görə məsuliyyətlə davranır".
"Elə cinayətlər var ki, bunu törədən şəxslərin əfvi mümkünsüzdür. Lakin elə ölüm, qətl hadisələri var ki, burada zərərçəkmiş şəxsin, tərəfin mövqeyi pozitivdirsə, cəza müddətinin bitməsinə az qalıbsa, bu zaman əfv olunması nəzərə alına bilər. Təbii ki, belə olan halda şəxsin cəzaçəkmə müddətindəki davranışı da önəmlidir. Bütün bunlar ciddi şəkildə araşdırılır, öyrənilir", - deyə o əlavə edib.