SƏHİYYƏ

Dünyada pandemiya bitib, bəs bizdə nə vaxtadək davam edəcək?

İnfeksionist hazırda aktiv olan ştamların xəstəlik törətmə qabiliyyətinin çox zəif olduğunu, nəzərəçarpacaq klinik əlamətlər törətmədiyini bildirib.
Sputnik
BAKI, 21 may — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Beynəlxalq Səhiyyə Qaydaları üzrə Fövqəladə Hallar Komitəsinin koronavirusla (COVİD-19) bağlı 15-ci iclasında çıxışı zamanı dünyada koronavirusla (COVID-19) bağlı fövqəladə vəziyyətin başa çatdığını elan edib. O, bildirib ki, bir zamanlar ağlasığmaz məhdudiyyətlərə, ən azı 7 milyon insanın ölümünə səbəb olan pandemiyanın başa çatıb.

"Dünya ölkələri xüsusi karantin rejimindən COVİD-19-un digər yoluxucu xəstəliklərlə birlikdə idarə olunduğu stabil mərhələyə keçə bilər", - deyə Qebreyesus bildirib.

Beləliklə, qurum pandemiyanı rəsmən ləğv edib.
Bəs görəsən, Azərbaycan ÜST-nin bu qərarından sonra pandemiya ilə bağlı hansı addımları atmalıdır? Ölkəmizdə pandemiya dövründə qəbul edilmiş bütün qadağalar ləğv oluna bilərmi?
Qeyd edək ki, pandemiya dövründə qəbul edilmiş qaydaların, məəhdudiyyətlərin bəziləri hələ də qüvvədədir.
Mayın əvvəlində Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-ə kimi uzadılıb.
Məsələ ilə bağlı danışan infeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ÜST pandemiyanın başa çatdığını elan etsə də, ölkəmizdə hələ də COVID-19-a yoluxma ocaqları var.
Vüqar Cavadzadə

"Epidemik göstəricilər 0 həddində olsaydı, deyərdik ki, biz vaksinasiyanı dayandıraq. Amma ölkəmizdə hələ də bu virusa yoluxma halları var. Demək ki, epidemik ocaqlar qalmaqdadır. Qarşıdan isə yay fəsli gəlir. Epidemik ocaqlar olduğundan yay fəslində virusa yoluxma və artım baş verə bilər. Hansısa ölkədə ola bilər ki, heç bir rəqəmli yoluxma da yoxdur. Belə ölkələrdə pandemiya dövründə qəbul edilmiş bütün qaydalar ləğv oluna bilər", - deyə infeksionist bildirib.

Cavadzadə bildirib ki, hazırda ölkəmizdə koronavirusa görə, geniş epidemik tədbirlər aparılmır:
"COVID-19-a görə ölkəmizdə ancaq cari tədbirlər aparılır. Tədricən, koronavirusa yoluxma 0 həddinə düşdükcə bu tədbirlər də aradan qaldırıla bilər".
O ki qaldı koronavirusa görə vaksinasiyaya, infeksionist bildirib ki, ölkəmizdə COVID-19-a görə, vaksinasiya könüllü şəkildə aparılır. Cavadzadə onu da qeyd edib ki, COVID-19-a görə peyvəndin vurulması məqsədəuyğundur.

"Yaşı 60-65-dən yuxarı şəxslərin, yanaşı xəstəlikləri olan, şəkər xəstələrinin, digər xroniki xəstəliklərdən əziyyət çəkənlərin peyvənd olunması məsləhət görülür. Hazırda koronavirusa yoluxduqdan sonra dünyasını dəyişənlər də yaşlı və yanaşı xəstəlikləri olanlardır. Cavan insanlar isə artıq COVID-19 virusunu yüngül, ayaqüstü keçirir. Koronavirusun simptomları da xeyli yüngülləşib. Yanaşı xəstəlikləri olanlarda isə ağırlaşma ilə müşahidə olunur", - deyə infeksionist bildirib.

Onun sözlərinə görə, vaksinasiya qoruyucu tədbirlərdən biridir. İldə bir dəfə yaşlı və yanaşı xəstəlikləri olan insanların koronavirusa görə peyvənd olunması məsləhətdir:
"Çünki, təcrübə də göstərdi ki, peyvənd olunanlar digərləri ilə müqayisədə xəstəliyi daha yüngül keçirir. Ölüm riski aşağı düşür. Peyvənd qoruyuculuğu təmin edir".
Vüqar Cavadzadə əlavə edib ki, hazırda aktiv olan ştamların xəstəlik törətmə qabiliyyəti çox zəifdir. Onun sözlərinə görə, hazırda aktiv olan ştammlar nəzərəçarpacaq klinik əlamətlər törətmir.
Həmsöhbətimiz onu bildirib ki, artıq insanlarda koronavirusa görə immunitet yaranıb. COVID infeksiyası isə dəfələrlə mutasiyaya uğrayıb. Onun sözlərinə görə, virusun patogenliyi zəifləyib, kliniki əlamətlər intensivliyi azalıb, xəstələnib-sağalma müddəti azalıb, artıq əksər insanlar bu virusu adi qrip kimi keçirir, əmək fəaliyyəti pozulmur.

"Koronavirusa yoluxma zamanı ağciyərlər zədələnmir. Mutasiya olunmuş ştammlar demək olar ki, artıq heç xəstəlik törətmir", - deyə infeksionist bildirib.

Qeyd edək ki, dünən Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb. analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 831 727 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 821 376 nəfər müalicə olunaraq sağalıb, hazırda 79 aktiv xəstə var. Bu günə qədər 10 272 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 044, bu günə qədər isə ümumilikdə 7 610 917 test icra olunub.
Eyni zamanda ölkədə son sutka ərzində 146 nəfər vaksinasiya olunub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 963 957 olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.