İQTİSADİYYAT

Azərbaycanda lavanda sahələri niyə sıradan çıxır - Səbəblər

Təsərrüfat sahibləri deyir ki, hazırda lavanda yağı satmağı planlaşdırmırlar, çünki bazarda tələbat çox aşağıdır. Vəziyyətin növbəti beş-altı ildə də bu cür olacağı proqnozlaşdırılır.
Sputnik
BAKI, 21 may — Sputnik. Azərbaycanda lavanda mövsümünün başlamasına sayılı günlər qalıb. Son iki ildir ki, Azərbaycanda lavanda təsərrüfatı olan fermerlər bundan müəyyən gəlir də əldə edirlər.
Lavanda istehsalçısı Samir Nağıyev Sputnik Azərbaycan-a bildirib ki, onların mövcud lavanda sahələri ölkəyə ekoturizm baxımdan dəyər qatır:

"Ötən illə müqayisədə bu il gözləntilərimiz daha çoxdur. Sezon mayın 25-dən sonra başlayacaq və iyunun sonlarınadək davam edəcək. Həmin müddətdə çalışırıq ki, lavanda mövsümünü festival şəklində qeyd edək. Qəbələnin Çuxur kəndində ümumi sahəmiz 30 hektardır ki, onun da 27 hektarı lavandadır".

Qəbələdə lavanda yığımı
Onun sözlərinə görə, ötən il təxminən 700 kiloqrama yaxın lavanda yağı əldə edilib.
"Bundan başqa, məhsullarımızdan lavanda suyu da əldə etmişik. Artıq lavanda balı ilə arıçılıq təsərrüfatını da inkişaf etdiririk. İki ildir bu istiqamətdə işlər görürük və bu ildən bunu daha da genişləndirməyi düşünürük", - deyə həmsöhbətimiz əlavə edib.
O, bu bitkinin böyüdülməsinin çətin olmadığını vurğulayıb. Lavandanın susuzluğa davamlı olması isə ən böyük prestijlərdəndir:

"Lavanda sadəcə ilin 3-4 ayı qulluq tələb edir. Bu müddət apreldən iyunadəkdir, daha sonra - növbəti ilin aprelinədək heç bir qulluq tələb etmir, suvarılmır".

Zaqatalada lavandan sahəsi, arxiv şəkli
İstehsal və ixrac
Təsərrüfat sahibi qeyd edir ki, onlar artıq daxili və xarici bazarlara müəyyən kosmetoloji vasitələr üçün xammal istehsal edirlər:
"İlk ildə ixracımız təxminən 200 kiloqram idi və əsasən ABŞ-a məhsul ixrac edirdik".
Fermer bildirib ki, tinglər təsərrüfatın özündə yetişdirilir və ona görə də xaricdən lavanda tingi idxal edilmir:

"2021-ci ildə yığdığımız lavandalardan əldə etdiyimiz yağı ixrac etmişik. Dünya bazarında məhsulun qiyməti aşağı düşdüyü üçün ötən ilin məhsulunu hələ satmamışıq. Yeddi yüz kiloqrama yaxın məhsulumuz əlimizdə qalıb", - deyə həmsöhbətimiz əlavə edib.

O qeyd edir ki, hazırda dünya bazarında lavanda yağının bir kiloqramının qiyməti 45-50 avrodur.
Hansı dəstək var?
Təsərrüfat sahibi bildirir ki, KOBİA (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) tərəfindən onlar üçün müəyyən güzəştlər edilib və maksimum səviyyədə də bundan yararlanmağa çalışırlar:
"Ötən il bizim üçün kredit də ayrılıb. Lakin əsas problemimiz yolun çəkilişi ilə əlaqədardır. Müəyyən dövlət qurumlarına bununla bağlı müraciət etdik. Yol bələdiyyənin nəzdində olduğu üçün dedilər ki, bura asfalt çəkilməsi nəzərdə tutulmur. Bizim sahəmizədək asfaltsız hissə 400 metrdir. Bunu da öz imkanlarımızla düzəldəcəyik".
2018-ci ildən özünün lavanda sahəsini yaradan və bu istiqamətdə istehsalla məşğul olan Abdulla Qurbanov isə vəziyyətindən razıdır:

"Otuz üç hektar lavanda sahəmiz var. Məhsul yığımı iyunda başlayacaq. Lavanda Azərbaycan üçün əlverişli sahə olmasa belə, istehsalı dayandırmırıq. Lakin daha sərfəli olan - efir yağı əldə edəcəyimiz bitkilər əkməyi, gül plantasiyalarını daha da genişləndirməyi düşünürük. Ümumiyyətlə qeyd edim ki, lavanda yetişdirilməsi gəlirli sahə sayılmır, çünki dünya bazarında onun yağının qiyməti yüksək deyil. Bir ton lavandadan iyirmi kilo yağ əldə olunur. İllər üzrə lavanda yağının qiymətində bəzən artım, bəzən azalma olur".

Bitki yağı nümunəsi, arxiv şəkli
O qeyd edir ki, lavanda ilə bağlı təsərrüfatı zərərlə işləmir, müəyyən ixracı var:
"Biz ixracatsız işləyə bilmərik. Dünyanın müxtəlif ölkələrinə lavanda yağı ixrac edirik".
Digər bir istehsalçı Nicat Mahmudlu Sputnik Azərbaycan-a bildirib ki, ümumiyyətlə son iki ildə lavanda yağı bazarında vəziyyət qənaətbəşx olmayıb:
"2020-2021-ci illərdə sifarişlərimiz olub və bütün məhsulları satmışıq. 2021-ci ildə 3 tona yaxın lavanda yağı ixrac etmişik. Ötən il ərzində 100 kiloqrama yaxın lavanda yağı ixrac etmişik. İstehsal gücümüz 1 ton 100 kiloqram idi. Cari ildə də 1 ton lavanda yağı istehsalı gözlənilir. Lakin qiymətlər aşağıdır, tələb azalıb".
Fermer hazırda lavanda yağı satmağı planlaşdırmadıqlarını dilə gətirib:

"Çünki bazarda tələbat çox aşağıdır. Növbəti beş-altı ildə lavanda yağı bazarı belə olacaq. Bu səbəbdən də əsas diqqətimizi lavanda yağına deyil, digər efir yağlarına yönəltmişik. Lavanda ölkəmizdə gəlirli sahə olmadığı üçün biz 36 hektardan yalnız müəyyən sahəni bu bitki üçün saxlayacağıq. Hazırda isə lavanda sahəsinin digər bitki sahəsinə çevrilməsi prosesinə başlamışıq", - deyə o əlavə edib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsindən sorğumuza cavab olaraq bildirilib ki, 2020-ci ildə Azərbaycandan xaricə ixrac ediən lavanda yağının miqdarı 300 kiloqram olub. Bu, 9 min ABŞ dolları deməkdir.
2021-ci ildə isə rəqəmlərdə hədsiz artım olub. Ölkədən ixrac edilən lavanda yağının miqdarı 3464,4 kiloqram olub ki, bu da 145.5 min ABŞ dolları təşkil edib. DSK tərəfindən təqdim olunan cədvəldə ötən ilə və daha öncəki illərə dair hər hansı məlumat yer almayıb.
Lavanda yağının idxalına gəldikdə, 2020-ci ildə 466.7, 2021-ci ildə 467.6, 2022-ci ildə isə 654.7 kiloqram olub.
Qeyd edək ki, son bir neçə ildir ki, ölkədə lavanda sahələrinə maraq artmışdı, bu istiqamətdə müəyyən sahələr də salınmışdı. Xüsusən də yerli və əcnəbi turistlər tərəfindən lavanda sahələri böyük maarqla qarşılanırdı. Lakin göründüyü kimi, dnüya bazarında lavanda yağının qiymətinin aşağı düşməsi, tələbin azalması ölkədə bu sanin tədricən sıradan çıxmasına rəvac verir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.