BAKI, 21 may — Sputnik. Almaniya Ukraynaya dəstək verməkdə təkbaşına hərəkət etmir və münaqişənin Rusiya ilə NATO arasında gərginliyə səbəb olmamasını təmin edir. Bu barədə “Welt” telekanalına müsahibəsində Almaniya kansleri Olaf Şolts bildirib.
"Bizim əvvəllər etdiklərimizi davam etdirməyimiz vacibdir. Aydındır ki, biz yalnız bir-birimizlə razılaşaraq hərəkət edirik. Tək hərəkət yoxdur. Biz çalışırıq ki, Ukraynadakı münaqişə Rusiya ilə NATO arasında gərginliyə səbəb olmasın və biz bunu edirik", - o, Kiyevə yardımın göstərilməsi məsələlərinə toxunaraq deyib.
Eyni zamanda o, Almaniyanın Ukraynanı “mümkün qədər” dəstəklədiyini vurğulayıb.
ABŞ-ın NBC telekanalı bildirib ki, Birləşmiş Ştatlar və müttəfiqləri Ukraynaya F-16 qırıcıları tədarük etməyi planlaşdırır, təyyarələr isə Vaşinqtonun müttəfiqləri tərəfindən verilə bilər.
ABŞ prezidenti Co Bayden G7 liderləri ilə Xirosimada keçirilən görüşdə bildirib ki, Vaşinqton F-16 da daxil olmaqla müasir döyüş təyyarələrini idarə etmək üçün beynəlxalq səyləri dəstəkləyəcək.
Şənbə günü Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko F-16-ları Kiyevə çatdırmaq niyyətini şərh edərkən bildirib ki, Qərb ölkələri Ukrayna münaqişəsində eskalasiya yolu ilə getməkdə davam edir, lakin Rusiya bunu öz planlarında nəzərə alacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.