Vulkanların püskürdüyü və Yer böyüklüyündə fırlanmayan ekzoplanetin dəlilləri aşkar edilib. AZƏRTAC “Nature” jurnalına istinadla xəbər verir ki, bu göy cismində gündüz ilə gecə qarşılaşır, onun bir tərəfi həmişə gündüz işığında, digəri isə qaranlıqda olur.
Süd Yolunda təxminən 86 işıq ili uzaqlıqda, daimi vulkan püskürmələrinə məruz qalan, möhkəm və qayalı bu ekzoplanet sahəsinə görə Yerdən böyükdür. Astronomlar bildiriblər ki, bu göyü cismi çox güman ki, Günəş sistemindəki ən vulkanik aktiv cisim olan Yupiterin peyki İo kimi vulkanlarla örtülüdür. Monreal Universitetində tədqiqat qrupunun rəhbəri Byörn Benneke deyib: “Ekzoplanetin işıqlı tərəfində maye su ola bilməz, çünki orada çox istidir, ehtimal ki, səhradır. Gecə tərəfində, çox güman ki, böyük bir buzlaq var. Ən maraqlı ərazi gecə ilə gündüzün qovuşduğu terminator bölgəsinin yaxınlığındadır. Burada gecə kənarındakı buzlaqdan gələn su əriyə bilər və ola bilsin ki, maye səth suları əmələ gətirə bilər. Bundan əlavə, ehtimal ki, planetin hər yerində, hətta gecə tərəfindəki buzun altında və ola bilsin ki, terminatorun yaxınlığında suyun altında vulkanlar var".
Astronomların fikrincə, ekzoplanet Yerdən bir qədər böyükdür və qırmızı cırtdan ulduza çox yaxın orbitlərdə fırlanır. Bu göy cismi Günəşdən xeyli kiçik, kütləsi və temperaturu nisbətən azdır, onun ətrafında elliptik səyahət cəmi 2,8 günə tamamlanır. Ekzoplanetin səthinin temperaturu Yerin temperaturundan bir qədər isti görünür. O, ulduzun ətrafında, yaşayış və ya “Goldilocks” zonasının kənarında yerləşir.
Kaliforniya Universitetinin Riversayd mərkəzinin planetlər üzrə astrofiziki və tədqiqatın həmmüəllifi Stiven Keyn bildirib: “Mən milyonlarla illik davamlı vulkanik fəaliyyətdən sonra planet üçün möhkəm, gənc səth təsəvvür edirəm. Qravitasiya effektləri gecə və gündüz tərəfinə əhəmiyyət vermədiyi üçün mən də vulkanik fəaliyyətin planetin səthinə bərabər şəkildə yayılmasından şübhələnirəm. Planet vulkanik cəhətdən çox aktiv olduğundan, hələ də içəridən atmosferə qazlar verir. Beləliklə, yəqin ki, planetin hələ də atmosferi var. Bununla belə, onun yaşayış üçün əlverişli olması ehtimalı azdır, çünki enerjinin ümumi miqdarı kifayət qədər mənfi mühit yaradır. Kim bilir, bəlkə də orada həyat vardır.
“Nature” jurnalında dərc olunan tədqiqatın müəlliflərindən biri olan Kanzas Universitetinin astronomiya professoru Yan Krossfild isə bildirib ki, hələlik ekzoplanet vulkanizminə dair birbaşa müşahidə sübutu yoxdur, lakin gələcəkdə belə dəlillər ortaya çıxarıla bilər. Onun sözlərinə görə, planet Günəş sistemimizdən təxminən 86 işıq ili uzaqlıqda, Krater bürcü istiqamətində, Süd Yolunda yerləşir. İşıq ili işığın bir ildə qət etdiyi məsafədir və 9,5 trilyon kilometrə bərabərdir.
Tədqiqatçılar planeti NASA-nın “Transiting Exoplanet Survey” peyki və hazırda istismardan çıxmış “Spitzer” kosmik teleskopu, həmçinin bəzi yerüstü rəsədxanalardan istifadə edərək aşkar ediblər.
Stiven Keyn bildirib ki, vulkanizm və bir planetin qaz çıxarma proseslərini nə qədər davam etdirə biləcəyi ilə bağlı hələ də bir çox naməlum faktlar var. O əlavə edib ki, yalnız bu yaxınlarda Yerin ekiz planeti olan Veneranın vulkanik aktiv olduğu təsdiqlənib.