BAKI, 20 may — Sputnik. Çin beynəlxalq hüquqa əsaslanmayan birtərəfli sanksiyalara qarşıdır. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin Yeddilik Qrupunun (G7) Rusiya Federasiyasına qarşı hazırladığı sanksiyaları şərh edərkən deyib.
"Çin beynəlxalq hüquqa əsaslanmayan və BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməyən birtərəfli sanksiyalara, onun yurisdiksiyasına qarşı çıxıb", - Van bildirib.
"Çin və Rusiya arasında əməkdaşlıq heç bir tərəfə qarşı yönəlməyib və üçüncü tərəflərin müdaxiləsi və tələbləri ona təsir göstərmir", - Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
O qeyd edib ki, Çin bütün dünya ölkələri, o cümlədən Rusiya ilə həmişə bərabərlik və qarşılıqlı fayda əsasında normal ticarət-iqtisadi əməkdaşlıq həyata keçirib.
Bundan əvvəl Reuters agentliyi G7 liderlərinin Ukrayna ilə bağlı bəyanatına istinadən məlumat verib ki, G7 ölkələri Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiya və onu dəstəkləyənlərə əlavə sanksiyalar və tədbirlər tətbiq etmək barədə razılığa gəliblər.