BAKI, 20 may - Sputnik. “Cümhur İttifaqı”nın tarixində indiyədək alver olmayıb”.
“Report” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini Numan Kurtulmuş deyib.
O bildirib ki, Türkiyə hakimiyyəti həmişə milli maraqları düşünüb, kimisə hansısa vəzifəyə gətirmək barədə fikirləşməyib.
Hakim partiyanın rəsmisi prezident seçkilərinin mayın 28-də keçiriləcək ikinci turunda prezidentliyə keçmiş namizəd Sinan Oğanla mümkün əməkdaşlıq məsələsinə də aydınlıq gətirib: “Ata” siyasi blokunun namizədi Sinan Oğan ilk turda müəyyən səs topladı. Buna görə onu təbrik edirəm. Amma fakt budur ki, daha yarışda Sinan Oğan yoxdur. Mübarizə "Cümhur İttifaq"ının namizədi Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu arasında gedir".
N.Kurtulmuş söyləyib ki, o, S.Oğanın tərəfdarlarının K.Kılıçdaroğluna səs verəcəyini düşünmür.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səstoplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.
Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.
“Ata” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.