CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məhkəmələrə il ərzində daxil olan mülki işlərdən 60 %-ni nikahın pozulması təşkil edir

Sənan Hacıyev bildirib ki, 2022-ci ildə birinci instansiya məhkəmələrinə ailə mübahisələri ilə bağlı daxil olan 38 633 işdən 22 597 iş nikahın pozulması ilə bağlı olub.
Sputnik
BAKI, 19 may — Sputnik. "Məhkəmələrə il ərzində daxil olan bütün kateqoriyalar üzrə 200 000-dək mülki işlərin təqribən 20%-ni ailə mübahisələri, onların da 60 %-ni nikahın pozulması ilə bağlı işlər təşkil edir".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev "Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, 2021 və 2022-ci ilin statistik məlumatlarına əsasən bağlanmış nikahların təqribən hər üçündən biri pozulub: "Məhkəmələrin icraatında olan ailə mübahisələrinin əksəriyyəti də məhz nikahın pozulması ilə bağlıdır. Belə ki, 2021-ci ildə birinci instansiya məhkəmələrinə ailə mübahisələri ilə bağlı daxil olan 46 028 işdən 27 506 iş, 2022-ci ildə isə daxil olan 38 633 işdən 22 597 iş nikahın pozulması ilə bağlı olub.
Görünən odur ki, məhkəmələrə il ərzində daxil olan bütün kateqoriyalar üzrə 200 000-dək mülki işlərin təqribən 20%-ni ailə mübahisələri, onların da 60 %-ni nikahın pozulması ilə bağlı işlər təşkil edir. Ölkə üzrə vəziyyəti əks etdirən bu göstəricilər ailə qanunvericiliyində dərin təhlilə əsaslanan islahatının aparılmasını zəruri edir. Belə ki, Ailə Məcəlləsinin qəbulundan ötən 20 ildən artıq müddət ərzində ictimai münasibətlərin inkişafı, dünyada və ölkəmizdə baş verən qloballaşmaya meyillər sosial-iqtisadi sferada görülməli işlərlə yanaşı, qanunvericilikdə müasir çağırışlara cavab verən ailə-nikah münasibətlərini qorumağa yönəlmiş yeni mexanizmlərin tətbiqini tələb edir".
Qeyd edək ki, artıq kommersiya, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələri məhkəmələrdən əvvəl mediatorlar həll edir. Bu "Mediasiya haqqında" Qanunda nəzərdə tutulub. "Mediasiya haqqında" Qanunun 28-29-cu maddəsinə görə, kommersiya, ailə və əmək mübahisələrində ilkin olaraq mütləq mediasiyaya müraciət olunmalıdır. Boşanmalarla bağlı "Mediasiya haqqında" Qanunun tətbiqindən sonra artıq məhkəmələrə birbaşa müraciət etmək mümkün deyil.