BAKI, 19 may — Sputnik. Beyin törəmələri əməliyyatlarının icbari sığorta üzrə Xidmətlər Zərfinə əlavə edilməsi üçün təklif verilib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsinin müdiri, neyrocərrah Fərid Qaralov deyib.
O bildirib ki, onkoloji xəstəliklər dövlət tərəfindən xüsusi nəzarətdə saxlanılır, belə xəstələrə xüsusi qayğı var: "Ancaq təəssüf ki onkoloji xəstəliklərin hamısının əməliyyatı icbari sığorta çərçivəsində qarşılanmır. Amma müəyyən törəmələr var ki, onların əməliyyatlarının pulu ödənir. Bəzi törəmələrin müəyyən hissələrinin əməliyyatının xərci də çəkilir. Amma bu son deyil, Xidmətlər Zərfinə əlavələrlə bağlı təklif vermişik. Yəqin ki təsdiqini tapsa, yaxın vaxtlarda çox geniş şəkildə tətbiq olunacaq və əlçatan olacaq".
Qeyd edək ki, bu il 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi nəzərdə tutulub.
Xatırladaq ki, 1 yanvar 2020-ci ildən etibarən icbari tibbi sığortanın bütün ölkə üzrə tətbiqinə başlanılıb. İcbari tibbi sığorta dünya səhiyyəsində geniş yayılmış həmrəyliyə əsaslanan sosial layihədir və əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir. Bu sistem sığorta hadisəsi zamanı sığortaolunanların xidmətlər zərfi çərçivəsində tibbi yardım almasını təmin edir.
Xidmətlər zərfi çərçivəsində təminatı nəzərdə tutulmuş tibbi xidmətlərin göstərildiyi hər hansı hadisə və hal sığorta hadisəsi hesab edilir. Hazırda icbari tibbi sığorta üzrə xidmətlər zərfinə 2550 xidmət daxildir.