Şəki təkcə Xan sarayından ibarət deyil - həvəskar tətqiqatçı - VİDEO
Bu gün dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. İnsanların Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə "açıq qapı" günü elan olunub.
SputnikBAKI, 18 may — Sputnik. Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü üçün "Muzeylər. Dayanıqlılıq və rifah" devizi seçilib.
Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda qeyd edilir.
Bəs görəsən, bayramı qeyd olunan muzeylərə ölkəmizdə maraq varmı? Azərbaycanda yaradılan muzeylərin vəziyyəti necədir?
Həvəskar tətqiqatçı Arzu Rzasoyla azərbaycanlıların tarixi məkanlara və muzeylərə olan münasibəti barədə həmsöhbət olduq. Arzu uzun illərdir ki, istər Azərbaycanda, istərsə də xarici ölklərdə olan tarixi şəxsiyyətlərimizin ev muzeylərini ziyarət edir.
Tədqiqatçı bildirib ki, Azərbaycanda insanların tarixi yerlərə, muzeylərə marağın olmaması təəssüf doğurur:
"Şəkidə Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun, maarifçi Rəşid bəy Əfəndiyevin, dramaturq Sabit Rəhmanın, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılovun ev muzeylərinin olduğu halda, insanlar yalnız Xan sarayına və Karvansaraya gedirlər. Axı Moskva təkcə Kremldən, Şəki təkcə Xan sarayından ibarət deyil?! Bəzi muzeylər var ki, tamamilə unudulub. Məsələn, Qazaxın Şıxlı kəndində İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçısı, İtaliya Qəhrəmanı Tahir İsayevin ev muzeyi, Beyləqanda ilk qadın mexanizator, Sosialist Əməyi Qəhrəmanı Sevil Qazıyevanın ev muzeyi ziyarətçilərin marağında deyil. Həmin muzeylər çox baxımsız durumdadır".
Bundan başqa, müsahibimiz bildirir ki, xarici ölkələrdə də Azərbaycanın dahi mütəfəkkirlərinin də ev muzeyləri var ki, onlar da unudulub. Arzu bildirir ki, ən çox səfər edilən ölkələrdən Gürcüstan olsa da, insanlarımız oradakı dahi şəxsiyyətlərimizin ev muzeylərini ziyarət etmirlər:
"Bildiyiniz kimi, Gürcüstanda yerləşən Botanika bağında Mirzə Fətəlli Axundov, Mirzə Şəfi Vazeh, Fətəli xan Xoyski kimi dahi şəxsiyyətlərimiz uyuyur. Həmin dahilərin məzarından insanlarımız xəbərsizdir. Orada Axundovun, Nərimanovun ev muzeyləri var. Gürcüstana hər il gedən həmvətənlərimiz bir dəfə də olsun oranı ziyarət etməyiblər. Baxın sosial mediaya, insanlar ancaq getdiyi ölkələrdə dağa, çaya, restorana, brend mağazalara baş çəkirlər. Muzeylər, tarixi məkanlar unudulur. Restoranlara da, təbiət qoynuna da getmək lazımdır, amma 5 dəfə oralara gedəndə, bir dəfə də tarixi məkanlara baş çəkilsin".
Həmsöhbətimiz onu da bildirir ki, bölgələrdə olan muzeylər, tarixi abidələrin bərpası, onların populyarlaşması turizmin inkişafına təkan verə bilər:
"Qax-Balakən, Gəncə-Qazax bölgəsində, eyin zamanda digər bölgələrimizdə xeyli sayda tarixi abidə və muzeylər var. Həmin məkanlar tanıdılsa, turizm marşurutuna salınar. Xarici ölkələrdən gələn insanların da diqqətini cəlb edər".
Arzu Rzasoy tarixi məkanlara səfər etməklə yanaşı, həmin məkanların problemini də işıqlandırıb. Gürcüstanda Cəlil Məmmədquluzadənin "Qeyrət" mətbəəsinin təmiri ilə bağlı aidiyyatı orqanlara məlumatlandırıb:
"Mən parlamentə vəziyyətlə bağlı yazdım. Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Əflatun Amaşov həmin yerə getdi. Ondan sonra məktub gəldi ki, məsələ nəzərimizdədir. Sabiq Mədəniyyət naziri Anar Kərimov da gedib, amma təəssüf ki, hələ də bina təmirsiz qalıb. Gürcüstan mənə doğmadır. Çünki, dahi şəxsiyyətlərimiz Mirzə Cəlil, Mirzə Fətəli Axundzadə, Mirzə Şəfi Vazeh, Fətəli xan Xoyski kimi insanlar orada yazıb, yaradıb. Cumhuriyyətimiz orada elan olunub. Oraları gəzəndə elə bilirəm ki, öz vətənimdəyəm. Cumhuriyyətimizin elan olunduğu binaya da getdim. İndi ora məktəb kimi fəaliyyət göstərir. Ona görə də ora girmək mümkün deyil. Çox yalvar-yaxışdan sonra ora daxil ola bildim".
Arzunun ən böyük səfərlərindən biri də Ukraynanın Donetsk Vilayətinin Volnovaxa şəhərinə olub. Orada ictimai-siyasi xadim Nəriman Nərimanovun oğlu Nəcəf Nərimanovun qəbrini ziyarət edib. Arzuya qədər bu işi görkəmli alim Vəli Məmmədov görüb. Nərimanovun ilk tədqiqatçısı 1957-ci ildə Volnovaxa şəhərində olub, Nəcəfin qəbrini ziyarət edib. Amma o vaxtdan bu qərib məzara heç kim baş çəkməyib. Arzunun təşəbbüsünü isə hətta yerli jurnalistlər belə heyrətlə qarşılayıblar.
"2018-ci ilin mayında Kiyevə uçdum, oradan da uzun müddət yol gedərək çətinliklə Volnovaxaya çatdım. Mən deyəndə ki, Volnovaxa şəhərinə getmək istəyirəm. Hamı deyirdi ora maraqsızdır. Oranı gedib tapmayana qədər heç kəsə demirdim. Buradakı kimi, orada da tarixə qarşı laqeydlik gördüm. Onlarda 1941-1945-ci illər müharibəsi veteranlarının dəfn olunduğu yeri soruşdum, hamısı yanlış istiqamətə yönəldirdilər. Bir məzarlığa getdim, bütün qəbirlərə baxdım, kol-kosun içində idi. Oraları təmizlədim. Sən demə, ora deyilmiş. Nəhəyət getdim Volnovaxa şəhər muzeyinə. Orada Nəcəf Nərimanovun məzarını axtardığımı deyəndə təəccübləndilər. Dedilər ki, bu illər ərzində heç bir azərbaycanlı bura gəlməyib. Vəli Məmmədovun əlyazmaları o muzeydə var idi. Onların nüsxəsini gətirdim Nəriman Nərimanovun buradakı ev muzeyinə verdim. Müharibəyə qədər Azərbaycandan nə qədər insan ora səyahət edib. Amma heç kim ora baş çəkməyi düşünməyib. Bu məsələdə tarixçilərimiz də günahkardır. Onlar araşdırmalıdır. KİV-lər də belə tarixi məkanları işıqlandırmalıdır, təbliğ etməlidir ki, unudulmasın ".
Qeyd edək ki, neçə-neçə tarixi abidə və muzeylərimiz ötən əsrin 90-cı illərində erməni işğalçıları tərəfindən qarət olunub və dağıdılıb.
Bura Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev muzeyi, vokal sənətimizin banisi Bülbülün memorialı, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyi, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, görkəmli musiqiçi Qurban Pirimovun Ağdam rayonundakı xatirə, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi ermənilər tərəfindən tamamilə yerlə-yeksan olunub.
Canlı muzey olan və bu gün düşməndən azad edilən Şuşada isə vaxtilə 8 muzey fəaliyyət göstərib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.