CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

On bir Azərbaycan vətəndaşı ölkəmizə repatriasiya olunub

Bildirilir ki, Azərbaycan hökuməti tərəfindən repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.
Sputnik
BAKI, 18 may - Sputnik. Mayın 18-də Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 11 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, repatriantların 8 nəfəri uşaq və 3 nəfəri qadındır.

"Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib, daha sonra isə onların Türkiyə Respublikası ərazisinə keçidinin təmin olunması istiqamətində tədbirlər görülüb. İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının Türkiyə Respublikasına ezam edilən nümayəndələri tərəfindən repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib, - deyə məlumatda bildirilir.

Daha sonra, Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən aparılmış müvafiq əlaqələndirmə işi nəticəsində vətəndaşlarımız Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin olunub:
"Növbəti mərhələdə Azərbaycan hökuməti tərəfindən repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur".
Qeyd olunur ki, Azərbaycan Respublikasının hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.