76-cı Beynəlxalq Kann Film Festivalının açılış mərasimi Fransanın Lazur sahilində dünya kino ulduzlarının iştirakı ilə keçirilib.
Mərasimin başlamasına bir neçə saat qalmış fotoqraf və operatorlarla dolu qırmızı xalça üzərinə məşhur qonaqlar gəlməyə başlayıb. Festivalın yayımı tədbirin rəsmi saytında yayımlanıb.
Kameraların qarşısında Ell Fanninq, Pol Dano, Mads Mikkelsen, Uma Turman, Helen Mirren və başqaları foto şəkil çəkdiriblər. Jurnalistlərin qarşısına həmçinin Fransa kinosunun tanınmış ulduzları Pyer Rişar və Katrin Denev də çıxıblar. Gecənin baş qəhrəmanları - festivalın açılış filmində baş rolu canlandıran Conni Depp və amerikalı aktyor Maykl Duqlas qırmızı xalça üzərinə bir qədər gec gəliblər. Maykl Duqlas mərasimə Ketrin Zeta-Cons və qızlarının müşayiəti ilə gəlib. Conni Deppin gəlişi ictimaiyyət arasında həyəcan doğurub, pərəstişkarları aktyoru buraxmaq istəməyiblərlər, onlar ulduzdan imza almağı və onunla şəkil çəkdirməyi istəyirdilər.
Açılış mərasimini Ketrin Denev və Marçello Mastroyaninin qızı, aktrisa Kiyara Mastroyani aparıb.
"Bu festivalın baş tutmasının əsas məqsədi azadlığımızı, cəsarət etmək, təsəvvür etmək, yaratmaq azadlığımızı, varlığımızın gücünü və kövrəkliyini ifadə etmək azadlığımızı qeyd etmək olub və olacaqdır. Kino bizi heç vaxt yanıltmayıb. Bu, xaotik və ağrılı dövrdə olduğumuz düşüncəsiz kimi görünə bilər, ancaq bu belə deyil, çünki kino həyatımızın bir hissəsidir",- deyə Kiyara Mastroyani qeyd edib.
Amerikalı aktrisa Uma Turman tamaşaçıların gutultulu alqışları altında Maykl Duqlasa fəxri "Qızıl palma budağı"nı təqdim edib.
Festival Conni Deppin Kral XV Lüdovik obrazını canlandırdığı fransız filmi "Janna Dubarri" filmi ilə açılıb.
Builki Kann Film Festivalı pensiya islahatlarına qarşı mümkün etirazlar səbəbindən təhlükəsizlik tədbirlərinin artırılması şəraitində keçirilir. Festival və Konqres Sarayının direktoru Jan-Mişel Arnonun sözlərinə görə, festivalda təhlükəsizliyi təmin etmək üçün 1000-dən çox polis, jandarm və özəl mühafizəçi cəlb ediləcək.
Kann Film Festivalının açılışına bir neçə saat qalmış, həmkarlar ittifaqlarının pensiya islahatlarına etiraz olaraq binanın elektrik enerjisini kəsməklə hədələmələri fonunda şounun keçirildiyi Festivallar və Konqreslər Sarayında beş elektrik generatoru quraşdırılıb.
Festival zamanı prefekturanın hər hansı nümayişlərə qadağa qoymasına baxmayaraq, "Ümumi Əmək Konfederasiyası" həmkarlar ittifaqının regional bürosu mayın 19-da amerikalı aktrisa Nikol Kidmanın qaldığı "Carlton" hotel-restoran sektorunun işçilərinin nümayiş etməsinə çağırış edib.