CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ABŞ Dövlət Departamentinin hesabatı həqiqəti əks etdirmir - Ombudsman

Ümumilikdə isə fəaliyyət çərçivəsində hər hansı bir fərq qoymadan bütün şəxslərin Ombudsmana müraciətləri araşdırılır, icraat aparılır və hər bir müraciətə vaxtında cavablar verilir.
Sputnik
BAKI, 18 may — Sputnik. ABŞ Dövlət Departamentinin növbəti illik hesabatında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyəti ilə bağlı vətəndaş cəmiyyəti adı altında ünvanı və adı bilinməyən “QHT”-lərin fikri olaraq əks olunan məlumatlar qərəzli və həqiqəti əks etdirmədiyindən bəzi məsələlərə aydınlıq gətirmək istərdik.
Bu barədə Ombudsman Səbinə Əliyevanın müraciətində bildirilib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tutulan və ya həbs edilən şəxslərin Ombudsmana ünvanlanan təklifləri, ərizələri və şikayətləri təxirə salınmadan, senzuradan keçirilmədən aidiyyəti üzrə göndərilir:

"Ombudsman bu məsələni hər zaman diqqətdə saxlayır və saxlanılan şəxslərin senzurasız yazışmalarını daim monitorinq edir. Ümumilikdə isə fəaliyyət çərçivəsində hər hansı bir fərq qoymadan bütün şəxslərin Ombudsmana müraciətləri araşdırılır, icraat aparılır və hər bir müraciətə vaxtında cavablar verilir. Həmçinin Ombudsmanın 916 Çağrı Mərkəzi şikayətlərin dərhal və effektiv araşdırılması baxımından pandemiya, eləcə də ondan sonrakı dövrdə uğurlu və işlək mexanizm olaraq fəaliyyət göstərir. Saxlanılan şəxslərin onların müdafiəçiləri və ailə üzvləri üçün müraciətləri ödənişsiz və 7/24 əlçatandır".

"Bu baxımdan qeyd etməliyik ki, vəkillərin müdafiə etdikləri şəxslərlə görüşlərinə maneə yaradılması ehtimalı ilə bağlı müraciətləri bütün hallarda təmin olunub. Ombudsman və onun Milli Preventiv Qrupunun üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq edilmədən saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi 250-dək müəssisəyə plan üzrə və plandankənar olmaqla başçəkmələr həyata keçirilir. Yüzlərlə saxlanılan şəxs fərdi qəbul olunur, eləcə də kollektiv görüşlər, maarifləndirmə tədbirləri keçirilir. Başçəkmələr saxlanılan şəxslərin özlərinin, müdafiəçilərinin və ya ailə üzvlərinin müraciətlərinə, habelə KİV-də, sosial şəbəkələrdə gedən informasiyalara Ombudsmanın çevik reaksiyası əsasında həyata keçirilir", - deyə o bildirib.
Barələrində müvafiq məhkəmə qərarları olan və kütləvi informasiya vasitələrində məlumat yayılan şəxslər də dəfələrlə Ombudsman və onun Milli Preventiv Qrupunun üzvləri tərəfindən qəbul olunub, müraciətləri müvafiq qurumlar qarşısında qaldırılıb və təmin edilib: "Həmin şəxslər göstərilən köməkliyə və hüquqlarını diqqətdə saxladığına görə Ombudsmana təşəkkürünü bildiriblər. Eləcə də vəkillər hüquqlarını müdafiə etdiyi şəxslərin hüquqlarının təmini üçün Ombudsmana müraciətlərinin daim müsbət həll edilməsi ilə bağlı göstərdiyi köməkliyə görə öz təşəkkürlərini bildiriblər.
Preventiv başçəkmələr vətəndaş cəmiyyəti nümayəndələrinin də cəlb edilməsi ilə müstəqil şəkildə aparılır. Bütün bu məlumatlara dair mətbuat açıqlamaları verilir, başçəkmələrin nəticələri Ombudsmanın İllik məruzələrində və MPM hesabatlarında geniş təsvir olunmaqla rəsmi internet saytı üzərindən geniş ictimaiyyətə təqdim edilir".
"Hətta Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkə Ombudsmanına ünvanladığı müraciətlərdə adı çəkilən şəxslərin də hər biri Milli Preventiv Qrupunun üzvləri tərəfindən başçəkmə keçirdikləri müəssisələrdə qəbul edilir, müraciətləri dinlənilir, rəftar və saxlanma şəraitləri araşdırılır. Digər qurumlara münasibətdə də Ombudsman əməkdaşlığın əhəmiyyətini təşviq edir. Qeyd olunanları nəzərə alaraq, qısa şəkildə əsaslandırılan məlumatları təqdim etməklə, ABŞ Dövlət Departamentinin hesabatında Ombudsmanın fəaliyyəti ilə bağlı yer alan qeydlərin əsassız olduğunu, hər hansı bir problemin həllinə xidmət etmədiyini bildiririk", - deyə o bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.