AZƏRBAYCAN XƏBƏRLƏRİ

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşüb

Söhbətdə parlamentlərarası əlaqələrin bu günü və inkişaf perspektivləri, dostluq qruplarının fəaliyyəti, qarşılıqlı səfərlərin əhəmiyyəti barədə danışılıb.
Sputnik
BAKI, 17 may — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarova Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin xüsusi iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Sədr qonağı salamlayaraq, dəvəti qəbul edib Milli Məclisin Heydər Əliyevin 100 illiyi ilə bağlı xüsusi iclasında iştirakına görə Rusiya nümayəndə heyətinə və iclasdakı çıxışında Ulu Öndər haqqında söylədiyi səmimi sözlərə görə təşəkkür edib.
Görüşdə bildirilib ki, Azərbaycan-Rusiya münasibətlərinin inkişafında Heydər Əliyevin xidmətləri danılmazdır.
Sahibə Qafarova Rusiyanın Dövlət Dumasında və Federal Şurada Heydər Əliyevin yubileyi ilə bağlı təşkil olunmuş sərgilərə görə Rusiya tərəfinə təşəkkür edərək, görkəmli dövlət xadiminin xatirəsinə göstərilən ehtiramı yüksək qiymətləndirib və bunu iki ölkə arasında dostluq münasibətlərinin təzahürü kimi dəyərləndirib.
Spiker Rusiyaya səfəri çərçivəsində paytaxt Moskva şəhərində keçirilən tədbirlərdə çıxış edənlərin Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev haqqında söylədikləri xoş sözlərlə bağlı təəssüratlarını bölüşüb. Qeyd edib ki, əsası Heydər Əliyev dönəmində qoyulmuş Rusiya-Azərbaycan münasibətləri bu gün Azərbaycan və Rusiya liderləri tərəfindən uğurla davam etdirilir və bu münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
Söhbətdə parlamentlərarası əlaqələrin bu günü və inkişaf perspektivləri, dostluq qruplarının fəaliyyəti, qarşılıqlı səfərlərin əhəmiyyəti barədə danışılıb.
Səmimi görüş üçün minnətdarlığını bildirən Rusiya Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin tədbirə dəvətə görə minnətdarlığını bildirərək, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin Rusiyada da həmişə böyük ehtiramla anıldığını, onun SSRİ rəhbərliyində təmsil olunduğu dövrdə Rusiyada gördüyü nəhəng işlərin bu gün də minnətdarlıqla xatırlandığını söyləyib. O, Azərbaycan-Rusiya münasibətlərinə toxunaraq, Heydər Əliyevin bu sahədəki xidmətlərini yüksək dəyərləndirib.
Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.