BAKI, 17 may — Sputnik. "Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması sahəsində qarşılıqlı fəaliyyət Azərbaycan ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Biz Azərbaycan tərəfinin iştirakı ilə üçtərəfli formatda dəmir yolu infrastrukturunun inkişafı və Şimal-Cənub marşrutu üzrə yük daşımalarına dair əməkdaşlıq haqqında sazişin imzalanmasına hazırlığın tezliklə başa çatacağına ümid edirik. Bununla da üç ölkənin gələcək uğurlu koordinasiyası üçün zəruri hüququ baza yaranacaq".
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Rəşt-Astara dəmir yolunun İrandan keçən hissəsinin inşası barədə iki ölkə arasında sazişin imzalanma mərasimində söyləyib.
Sazişi iki ölkənin nəqliyyat nazirləri imzalayıblar. Mərasimdə Rusiya Prezidenti Vladimir Putin videoəlaqə vasitəsilə iştirak edib.
Sazişə əsasən, Rusiya və İran uzunluğu 170 kilometr olan və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizini birləşdirən Rəşt-Astara dəmir yolunun layihələndirilməsi və inşasını birgə maliyyələşdirəcək. İran Astarası ilə Azərbaycan Astarası arasında olan sahə isə Azərbaycan, Rusiya və İranın iştirakı ilə inşa olunacaq.
Rusiya Prezidenti Vladimir Putin Rəşt-Astara dəmir yolunun tikintisini dünya nəqliyyat infrastrukturu üçün mühüm hadisə adlandırıb. O vurğulayıb ki, Şimal-Cənub nəqliyyat arteriyasının bir hissəsi olacaq Rəşt-Astara dəmir yolu yük daşımalarını şaxələndirməyə imkan verəcək.
Xatırladaq ki, aprelin 9-da Rusiya prezidentinin köməkçisi İqor Levitin və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani bazar günü ikitərəfli əməkdaşlıq, o cümlədən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (İTC) inkişafı məsələlərini müzakirə ediblər.
Levitinin Tehrana səfəri zamanı baş tutan görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq sahəsində razılaşmaların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər Şimal-Cənub dəhlizinin inkişafı ilə bağlı layihələr üzərində işin intensivləşdirilməsinin zəruriliyinə xüsusi diqqət yetiriblər.
Levitinin bu ilin yanvarında Tehrana səfəri zamanı dəhlizin Rəşt və Astara şəhərlərini birləşdirən dəmir yolu hissəsinin Rusiya sərmayələrinin cəlb edilməsi ilə tikintisinə dair razılıq əldə olunub.