Braziliyanın Santos şəhərində futbol üzrə üçqat dünya çempionu, dünya əfsanəsi Pelenin dəfn olunduğu məqbərə açılıb. Bu barədə nekropolun saytında məlumat verilib.
Qeyd olunur ki, Pelenin nəşi qızılı tabutda yatır, otaqda eks-futbolçunun real ölçüdə olan heykəlləri də quraşdırılıb, döşəməsi isə süni qazonla örtülüb.
Hər kəs əvvəlcədən qeydiyyatdan keçdikdən sonra memorialı ziyarət edə bilər.
Pele (tam adı Edson Arantis du Nasimentu) tarixdə oyunçu kimi üç dəfə (1958, 1962, 1970) Dünya Çempionu olmuş yeganə futbolçudur.
O, Neymar ilə Braziliya milli komandasının tarixində ən çox qol vuranlar siyahısında birinci yeri bölüşür (92 matçda 77 qol).
Klub səviyyəsində Pele 18 il Braziliyanın "Santos" klubunu təmsil edib, daha üç il Amerikanın "Nyu York Kosmos" klubunda oynayıb və 1977-ci ildə isə karyerasını başa vurub.
Pele peşəkar karyerasında ən çox qol vurduğu üçün Ginnesin Rekordlar Kitabına düşüb - bəzi məlumatlara görə, braziliyalı futbolçu 1281 qol vurub.
2021-ci ilin sentyabrında Peleyə yoğun bağırsaq şişi diaqnozu qoyulub. 2022-ci ildə o, üç bədxassəli şişin (bağırsaq, qaraciyər və ağciyər) və sidik yolu infeksiyasının müalicəsi ilə əlaqədar Albert Eynşteyn adına Klinikasında iki dəfə xəstəxanaya yerləşdirilib.
2022-ci il noyabrın 30-da Pele bədəninin ümumi şişməsi, ürək çatışmazlığı və şüurunun uyuşması ilə plansız xəstəxanaya yerləşdirilib.
Dünya futbolunun əfsanəsi ötən il dekabrın 29-da dünyasını dəyişib.