BAKI, 17 may — Sputnik. Mayın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib.
YAP-dan verilən xəbərə görə, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iclasın gündəliyi barədə məlumat verib. İclasın müzakirəsinə YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Mehman oğlu Əmirəslanovun vəzifəsindən azad edilməsi, YAP Gəncə şəhər təşkilatına və YAP Hacıqabul rayon təşkilatına sədr təyin olunması, Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı partiyanın rayon (şəhər) təşkilatlarının təqdimatlarına baxılması və cari məsələlər çıxarılıb.
İclasda ilk olaraq YAP Hacıqabul rayon təşkilatının sədri Elnur Mehman oğlu Əmirəslanovun səhhəti ilə bağlı vəzifəsindən azad edilməsi barədə ərizəsinə baxılıb və müvafiq qərar qəbul olunub.
Sonra YAP Gəncə şəhər təşkilatının sədri vəzifəsinə partiyanın İdarə Heyətinin üzvü Bayram Mirazim oğlu Aslanovun və YAP Hacıqabul rayon təşkilatının sədri vəzifəsinə İsmayıl Hüseyn oğlu İbrahimovun təyin olunması məsələsinə baxılıb. YAP İdarə Heyətinin üzvləri Hikmət Məmmədov, Musa Quliyev, Pərvin Kərimzadə, Amin İsmayılov, Asif Əsgərli, Tofiq Cahangirov və Elmar Qasımov çıxış edərək hər iki şəxsin namizədliyini dəstəklədikləri bildirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Müzakirələrdən sonra Bayram Mirazim oğlu Aslanovun YAP Gəncə şəhər təşkilatının sədri, İsmayıl Hüseyn oğlu İbrahimovun isə partiyanın Hacıqabul rayon təşkilatının sədri vəzifəsinə təyin olunması haqqında qərar qəbul olunub. Bayram Aslanov və İsmayıl İbrahimov çıxış edərək təşəkkürlərini bildirib və göstərilən etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.
İdarə Heyətinin iclasında Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı YAP rayon (şəhər) təşkilatlarının təqdimatlarına da baxılıb. YAP İdarə Heyətinin üzvləri Bahar Muradova və Elmar Qasımov çıxış edərək məsələyə münasibət bildiriblər. 15 nəfərin partiyanın nüfuzuna xələl gətirən hərəkətlərinə görə YAP sıralarından xaric olunmasına dair qərar qəbul olunub.
Cari məsələlərlə bağlı müzakirələr zamanı isə YAP İdarə Heyətinin üzvləri Musa Quliyev, Tahir Mirkişili, Kamal Cəfərov və Elmar Qasımov çıxış edərək fikir və təkliflərini səsləndiriblər.