TƏHSİL

Təhsil naziri bağça müəllimlərinin maaşının kəsilməsinə aydınlıq gətirdi

Emin Əmrullayev deyib ki, hal-hazırda ali təhsili olmayan bağça müəllimlərinin işdən çıxarılması müzakirə mövzüsu deyil.
Sputnik
BAKI, 16 may — Sputnik. 49 faizə yaxın müəllimin məktəbəqədər təhsil üzrə ali təhsili yoxdur. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.
"Bir ildən az müddətdə bütün bağçalar üzrə məlumatları toplaya bilmişik. Artıq hansısa qovluqda sənəd yoxdur. Hamısı sistemdə bizim qarşımızdadır. Bununla biz müəllimlərin sənədlərini, maaşlarını nəzarətdə saxlaya bilirik. 49 faizə yaxın müəllimin məktəbəqədər təhsil üzrə ali təhsilinin olmamasını müəyyən etmişik", - nazir deyib.
O qeyd edib ki, hal-hazırda onların işdən çıxarılması müzakirə mövzüsu deyil:
"Müəllimlərin bəziləri, tərbiyəçi müəllimlər hesab edir ki, onların sənədləri var, amma o sənədlər bizdə yoxdur, bu zaman həmin sənədləri bizə təqdim edə bilərlər. Burada onlara toxunan məsələ əmək haqqının azalmasıdır. Amma biz kiməsə artıq maaş verə bilmərik. Nazirliyin maliyyə məsələsində məsuliyyəti var. Bizim niyyətimiz kiminsə maaşını kəsmək deyil. Sadəcə sistem avtomatik olduğundan müəllimin orta təhsili varsa, ona buna uyğun əməkhaqqı verilir".
Nazir bildirib ki, əgər qanunvericiliyə edilən dəyişiklik təsdiqlənsə, bağçalarda çalışan 17 minə yaxın pedaqoji heyətin sertifikasiyadan keçirilməsi nəzərdə tutulur.
Emin Əmrullayev onu da qeyd edib ki, bu ilin əvvəlindən 22 məktəb direktoru, 19 bağça müdiri işində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.
Qeyd edək ki, bir müddət əvvəl 5800 bağça müəlliminin müvafiq sahə üzrə sənədinin olmadığı aşkarlanmışdı.