BAKI, 16 may-Sputnik. "Heydər Əliyev olmasaydı, bu gün müstəqil Azərbaycan dövlətindən danışmaq çətin olardı".
Bunu bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Milli Məclisin xüsusi iclasında spiker Sahibə Qafarova bildirib.
Sahibə Qafarova deyib ki, müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir:
"Sabitliyin, təhlükəsizliyin təmin edilməsi neft strategiyasının həyata keçirilməsinə imkan verdi, ölkə iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyuldu. Neft ehtiyatlarından səmərəli istifadə üçün Neft Fondu yaradıldı, iqtisadi islahatlar, özəlləşdirmə həyata keçirildi. Elmi əsaslar üzərində qurulan xarici siyasət konsepsiyasının həyata keçirilməsinə başlandı".
Spiker qeyd edib ki, Heydər Əliyevin hakimiyyətdə olduğu dönəmdə Şərq müsəlman aləmində ilk dəfə Azərbaycanda ölüm hökmü ləğv edilib, mədəniyyətin inkişafı üçün müvafiq addımlar atılıb:
"Milli həmrəyliyə nail olmaq üçün işlər görüldü, diaspor təşkilatlarının formalaşması dövlət siyasətinin tərkib hissəsinə çevrildi. Tale Heydər Əliyevi xüsusi missiya üçün seçmişdi. Heydər Əliyevin siyasi uzaqgörənliyi ilə Vətənə, xalqa sevgisi vəhdət təşkil edirdi. Prezident İlham Əliyev demişdir ki, xalq taleyini Heydər Əliyevə etibar etdi və yanılmadı. Məhz Heydər Əliyevin əsasını qoyduğu yolu Prezident İlham Əliyev uğurla davam etdirir. Əldə olunan uğurlar dünyanın diqqətini ölkəmizə cəlb edib, 30 illik işğala son qoyulub, ərazi bütövlüyümüz təmin olunub. Əminəm ki, Heydər Əliyev dühasının və zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan əbədi yaşayacaq".
Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclası keçirilir.
İclasda 26 ölkə parlamentindən və 4 beynəlxalq parlament təşkilatından nümayəndələr iştirak edirlər.