BAKI, 15 may — Sputnik. Dünya bazarlarında neft qiymətləri ucuzlaşır. "Brent" neftinin qiyməti 0.73% azalaraq 1 barelə görə 73.63 dollar təşkil edib. "WTI" markalı neftin 1 barelinin qiyməti 0.67% azalaraq 69.57 dollar olub.
Neft tələbi ilə bağlı narahatlıqlar qiymətləri ucuzlaşdırır.
ABŞ iqtisadiyyatında tənəzzül və Çin iqtisadiyyatının gözləniləndən daha yavaş bərpası ilə bağlı narahatlıqlar qiymətlərə təsir göstərir və dördüncü gündür ki, neft ucuzlaşır.
Neft bu il 13 faiz ucuzlaşıb, çünki ABŞ iqtisadiyyatında mümkün tənəzzül ilə bağlı narahatlıqlar bazarda üstünlük təşkil edir.
İnvestorlar bu həftə Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatını izləyəcəklər.
Analitiklərin fikrincə, neft bazarında vəziyyət qeyri-müəyyən tələb proqnozu və ABŞ-ın borc tavanı ilə bağlı narahatlıqlar fonunda mənfi olaraq qalır.
Qeyd edək ki, ötən həftənin sonunda Azərbaycan neftinin ("Azeri Light" markalı) bir barelinin qiyməti 0,79 dollar azalaraq 78,04 dollar olub.
Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.