Birgə qaz alışı Aİ-Azərbaycanda enerji təhlükəsizliyinə zəmanət verirmi?
Avropa şirkətləri növbəti istilik mövsümündən sağ çıxmaq üçün birgə satınalma mexanizmini hazırlayıblar. Bakı bu mexanizmdə iştirak etsə, hansı faydaları əldə edə bilər – bu barədə "Sputnik Azərbaycan"ın materialında.
SputnikBAKI, 13 may — Sputnik. Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən təbii qazın birgə alınması üçün ilk beynəlxalq tender elan edilib. Avropa Komissiyasının vitse-prezidenti Maros Şefçoviçin sözlərinə görə, təxminən 107 şirkət bu yaxınlarda yaradılmış AggregateEU mexanizmi vasitəsilə birgə qaz alışında iştirak etmək üçün qeydiyyatdan keçib.
Belə ki, ümumi həcmi, təqribən 11,6 milyard kubmetr qaz üçün elan edilən ilk tenderə Avropanın 77 şirkəti müraciət edib.
Şefçoviç qeyd edib ki, mayeləşdirilmiş təbii qaza (MTQ) ehtiyac, təqribən 2,8 milyard kubmetrdir və həmçinin, demək olar ki, 9,6 milyard kubmetr boru kəməri qazına ehtiyac var. O, "bütün etibarlı beynəlxalq təchizatçıları iştirak etməyə və bu Avropa müştərilərinə xidmət göstərmək üçün öz təkliflərini təqdim etməyə" dəvət edib və əlavə edib ki, tender 2023-cü ilin iyunundan 2024-cü ilin mayına qədər olan qaz tədarüklərini əhatə edir.
Aİ-nin riskli strategiyası
Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov hesab edir ki, tender Avropa ticarət şirkətləri üçün elan edilib - onlar dünya bazarına çıxmalı, tədarükçülərdən qaz həcmlərini almalı və müəyyən vaxtda təmin etməlidirlər.
Onun sözlərinə görə, güman edilir ki, hazırda şirkətlər tələb olunan həcmi alıb yeraltı qaz anbarlarına vurmalı, lazım gəldikdə isə dövlətlərə və ya tənzimləyici orqanlara verməlidirlər.
"2023-cü ilin iyun ayından 2024-cü ilin may ayına qədər 11,6 milyard kubmetr üçün tender əslində növbəti istilik mövsümünü əhatə edir. Hazırda 11,6 milyard kubmetr, yəqin ki, bəzi kiçik həcmlərə bölünəcək və lazımi vaxtda dövlətlərə və ya Aİ tənzimləyicilərinə verilməli olacaq", - deyə Yuşkov "Sputnik Azərbaycan"a bildirib.
Ekspert hesab edir ki, avropalılar üçün vahid satınalma sisteminin əsas vəzifəsi yeni istilik mövsümünə etibarlı hazırlıq və onun uğurla başa çatdırılmasıdır. Hazırda Avropada yeraltı anbarlara qaz vurulma sürətində azalma müşahidə olunur. Bu da ondan irəli gəlir ki, yeraltı qaz anbarlarında artıq son beş-on illə müqayisədə daha çox ehtiyat var.
"Adətən ilin bu günlərində Avropanın yeraltı qaz anbarları, haradasa 40% civarında dolu olur, hazırda isə bu rəqəm 60% təşkil edir. Ona görə də bütün şirkətlər, hələ ki, qaz vurmağı davam etdirməyə tələsmirlər, onlar qazın qiymətinin getdikcə aşağı düşdüyünü görür və daha ucuz qiymətə ala bildikdə bunun daha sonra da davam edəcəyini düşünürlər", - deyə Yuşkov qeyd edib.
Analitik belə strategiyanı riskli hesab edir, çünki gələcəkdə qaz bahalaşmağa başlaya bilər və o zaman "mavi yanacağın" yeraltı anbarlara tam vurulmasına çox az vaxt qalacaq. Eyni zamanda, Yuşkov əmin olduğunu bildirib ki, avropalılar mütləq yeni istilik mövsümünə hazırlaşa biləcəklər, lakin məsələ tələb olunan qaz həcmlərini hansı qiymətə alacaqları məsələdir.
Mütəxəssis belə hesab edir ki, tender üzrə birgə alış-veriş üçün bəyan olunan qaz həcminin o qədər də böyük olmadığını nəzərə alsaq, yəqin ki, bu, bu mexanizmin sınaqdan keçirilməsidir.
Azərbaycan bu platformanın təchizatçısı ola bilər
Yuşkovun fikrincə, Azərbaycan, əgər ölkədə müəyyən miqdarda artıq "mavi yanacaq" olarsa, bu mexanizm çərçivəsində qaz tədarükçüsü ola bilər.
"Əgər hər gün bir az kiçik həcmdə qaz hasil edib tədarük etmək lazım olarsa, o zaman Azərbaycan, çox güman ki, əlavə həcmlər tədarük etməyə hazır olacaq", - ekspert belə hesab edir.
Lakin, eyni zamanda, o qeyd edib ki, Azərbaycanın qaz satışı ilə bağlı heç bir problemi yoxdur - o, hasil etdiyi hər şeyi, onsuz da həm Türkiyə, həm də Avropa bazarlarında satır.
Təhlilçi onu da əlavə edib ki, hazırda respublika qaz tədarükünü çoxalda bilməyəcək, çünki o, bu yaxınlarda Avropaya qaz nəqlinə başlayıb və ixrac coğrafiyasını genişləndirib. İnfrastruktur isə uzunmüddətli müqavilələr üçün nəzərdə tutulub - yəni 1 milyard kubmetr Bolqarıstana, 1 milyard - Yunanıstana, 8 milyard kubmetr isə İtaliyaya.
"Boru kəmərləri xüsusi olaraq bu həcmlər üçün nəzərdə tutulub. Bəzi əlavə nasos həcmi boru kəmərlərinin gücünün qismən genişləndirilməsi ilə həyata keçirilə bilər, lakin, məsələn, təchizatı ikiqat artırmaq və ya əhəmiyyətli dərəcədə artırmaq deyil", - deyə ekspert hesab edir.
Bununla yanaşı, o qeyd edib ki, tədarükün əhəmiyyətli dərəcədə artmasından danışsaq, onda Bakı Avropa ölkələri ilə spot müqavilələr üzrə deyil, uzunmüddətli müqavilələr üzrə razılığa gəlməlidir ki, qaz kəmərlərinin genişləndirilməsinə və yeni yataqların inkişafına sərmayə qoyan Azərbaycanın öz sərmayələrini geri qaytarmağa zəmanətləri olsun.
Azərbaycan qaz hasilatını artırır
Azərbaycanda isə artıq işlənmiş yataqlarda qaz hasilatının artırılması istiqamətində işlər aparılır və yeni yataqların işə salınması da nəzərdə tutulur. Belə ki, Prezident İlham Əliyev bu yaxınlarda verdiyi bəyanatda bildirib ki, Xəzərdəki "Abşeron" yatağından ilk qazın artıq bu il alınacağı gözlənilir.
Həmçinin, "Şahdəniz" yatağında da hasilatın artması gözlənilir.
"Dörd ildən sonra, bəlkə də bundan əvvəl biz "Şahdəniz" yatağının yeni mərhələsindən əlavə qaz gözləyirik", - deyə Əliyev Şuşada keçirilən beynəlxalq konfransda bildirib.
Dövlət başçısı qeyd edib ki, "Abşeron" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində ildə 1,5 milyard kubmetr qaz hasil ediləcək.
"Azəri-Çıraq-Günəşli" yataqlar blokundan dərin qazın çıxarılması layihəsinin böyük potensialını xatırladan dövlət başçısı qeyd edib ki, "BP" və "SOCAR" artıq bu layihə üzərində fəal işləyirlər.
O, həmçinin qeyd edib ki, "SOCAR"ın qismən hazırladığı "Ümid-Babək" dəniz yataqları bloku böyük potensiala malikdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.