TƏHLİL

"Yeni İpək Yolu" xəritəsində Azərbaycan niyə yer almadı?

Professor Rövşən İbrahimov bildirib ki, Türkiyədə prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun bəyanatı göstərir ki, onlar hələ strateji təffəkürə malik deyil.
Sputnik
BAKI, 12 may — Sputnik. Bir müddət əvvəl Türkiyə müxalifətinin prezident seçkilərində vahid namizədi, CHP lideri Kamal Kılıcdaroğlunun seçkiqabağı vəd etdiyi "Yeni İpək Yolu" xəritəsində Azərbaycan yer almayıb. Bu hadisə Azərbaycanda da geniş rezonans doğurub.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə buna sərt münasibət bildirib. Çavuşoğlu qeyd edib ki, türkün yolu Türk Dövlətləri Təşkilatı, Zəngəzur, Qarabağdan keçər:"Müxalifətin prezident seçkilərində namizədi Kamal Kılıçdaroğlunun və digər bəzi siyasətçilərin Azərbaycana qarşı qərəzli və əsassız mövqeyi var".
"Yeni İpək Yolu" xəritəsinin iqtisadi, siyasi səmərəliliyi ilə bağlı millət vəkilləri Vüqar Bayramov, Rüfət Quliyev və Cənubi Koreyanın Hankuk Universitetinin professoru, politoloq Rövşən İbrahimov Sputnik Azərbaycan-a danışıb.
Türkiyəni Azərbycandan ayırmaq istəyənlərin mövqeyi bizim üçün qəbuledilməzdir
Millət vəkili Rüfət Quliyev qeyd edib ki, hər şeydən öncə Türkiyə seçkilərinin nəticəsinin böyük türk xalqının mövqeyində əks olunacağını qeyd etmək lazımdır: "Bu baxımdan biz qardaş xalqın seçiminə hörmətlə yanaşacağıq. Türkiyə-Azərbaycan münasibətləri hansısa siyasətçinin mövqeyindən asılı olmayaraq qardaşlıq əsasında qurulub. Bu gün Türkiyəni Azərbycandan ayırmaq istəyənlərin mövqeyi bizim üçün qəbuledilməzdir. Türkiyə-Azərbaycan əlaqələri həm də strateji xarakter daışıyır. Ölkələrimiz arasında dərin iqtisadi əlaqələr mövcuddur. Təbii olaraq bu əlaqələr Türkiyə üçün də səmərəlidir. Türkiyə müxalifətinin Azərbaycanı kənarda saxlayan yol xəritəsi təqdim etməsi, xoşniyyətdən xəbər vermir".
Türkiyə müxalifətinin prezidentliyə namizədi xarici siyasətdə və regionda nələr baş verdiyindən xəbərsizdir
Professor Rövşən İbrahimov bildirib ki, Türkiyədə prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun bəyanatı göstərir ki, onlar hələ strateji təffəkürə malik deyil.
Politoloq qeyd edib ki, Türkiyə müxalifətinin prezidentliyə namizədi xarici siyasətdə və regionda nələr baş verdiyindən xəbərsizdir: "Bunun izahı da sadədir. Çünki 20 ildən çoxdur ki, Türkiyədə iqtidarı ələ keçirə bilmirlər. Ona görə də hansı siyasi xətt yürütməklə bağlı təsəvvürləri yoxdur. Onu da başa düşürlər ki, iqtidar olacaqları təqdirdə hansısa bir layihə ilə çıxış etməlidirlər. CHP-nin keçmiş hakimiyyət dövrlərini yada salsaq görərik ki, onların İran üzərindən yol xəritəsi təqdim etməsi bir qədər təəccüblüdür".
Belə bir layihənin gerçəkləşməsi qeyri-mümkündür
Rövşən İbrahimov xatırladıb ki, CHP ənənəvi olaraq İrana qarşı mövqedən çıxış edib: "Onların sloqanı da "Türkiyə heç vaxt İran olmayacaq" idi. Qəbul etmək lazımdır ki, belə bir layihənin gerçəkləşməsi qeyri-mümkündür. Çünki regionda Qərbin istəyi ilə mövcud olan layihələr də reallaşdırılarkən onun İrandan yan keçməsi tələb edilirdi. Qərb hansısa nəqliyyat marşrutunun İrandan keçməsinin əleyhinədir. İranın iştirakına razılıq verən ölkə Çindir. Bu baxımdan İranın belə bir layihədə iştirakına Türkiyənin razılıq verməsini iddia etmək gülüncdür. Türkiyə bunu həyata keçirəcəksə, onun marşrutunu İranda kimin quracağı sual altındadır. Digər tərəfdən İranla Türkiyə münasibətləri daim təlatümlər yaşayır və əgər münasibətlər korlanarsa, bu nəqliyyat xəritəsinin gələcəyi sual altında qalacaq".
Layihənin “Türk yolu” adlandırılması doğru deyil
Millət vəkili Vüqar Bayramov bildirib ki, Türkiyədə nəqliyyat dəhlizləri ilə bağlı müxtəlif layihələrin təqdim edilməsi mümkündür: “Amma təqdim edilən layihənin “Türk yolu” adlandırılmasını doğru hesab etmirəm. Çünki bu heç də bütün türk dövlətlərini, o cümlədən Türkiyə ilə Mərkəzi Asiyada yerləşən dövlətləri birləşdirən Azərbaycanı əhatə etmir. Azərbaycan keçməyən hansısa bir nəqliyyat dəhlizinin türk yolu adlandırılmasını real hesab etmək doğru olmaz. Təqdim edilmiş layihə kifayət qədər xərc tələb edir. Layihənin xərclərini və ondan əldə olunacaq gəliri nəzərə alsaq, belə layihələr qısa və orta müddətli dövrdə rentabellli olmurlar. Digər bir məqam layihənin sanksiyalara məruz qalmış İrandan keçməsidir. Bu da təbii ki, layihənni rentabellliyinə təsir göstərən faktorlardan biridir. Bütövlükdə iqtisadi baxımdan yanaşsaq, layihəni rentabelli heab etmək olmaz”