BAKI, 12 may — Sputnik. "Azərbaycanla Ermənistan arasında çox vacib sülh məsələsi ABŞ Dövlət Departamentinin bundan sonra da dərindən məşğul olacağı məsələdir".
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.
"İnanırıq ki, irəliyə doğru aydın bir yol var. Biz təbii ki, mayın əvvəlində iki ölkənin rəsmilərini qəbul etməkdən məmnun idik. İnanırıq ki, danışıqlar səmərəli olub, Brüsseldə başlayan danışıqların davamı üçün zəmin yaradıb və bu prosesin inkişafına şərait yaradacaq", - ABŞ Dövlət Departamentinin rəsmisi vurğulayıb.
Vedant Patel qeyd edib ki, toqquşmalar davamlı və ləyaqətli sülhə doğru əldə edilən tərəqqiyə xələl gətirir.
Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Xatırladaq ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında bundan əvvəl Vaşinqtonda danışıqlar aparılıb, müzakirələr 4 gün davam edib. Nazirlər iki dəfə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə edildiyini bildirib. Paşinyanla Əliyev arasında növbəti görüş Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə mayın 14-də Brüsseldə keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.