AZƏRBAYCAN XƏBƏRLƏRİ

Tarixə çevrilmiş Bişkek protokolunun imzalanmasından 29 il ötür

Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalanması ilə bağlı təkliflə 1994-cü il mayın 4-də Rusiya çıxış edib.
Sputnik
BAKI, 12 may — Sputnik. Azərbaycanla Ermənistan arasında atəşkəs elan edilməsinin 29 ili tamam olur. 1994-cü il mayın 8-də Azərbaycan və Ermənistan arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış "Bişkek protokolu" mayın 12-də qüvvəyə minib və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılıb.
Azərbaycan və Ermənistan arasında atəşkəsin imzalanması ilə bağlı təkliflə 1994-cü il mayın 4-də Rusiya çıxış edib. Qırğızıstanın paytaxtı Bişkekdə MDB Parlamentlərarası Assambleyasının (MDB PA) iclasında Rusiya atəşkəs haqqında sazişin layihəsini tərəflərə təqdim etsə də, Ermənistan-Azərbaycan danışıqları nəticə verməyib. Əsas fikir ayrılığı protokolda Azərbaycan və Ermənistanla yanaşı, "Dağlıq Qarabağ"ın erməni icmasına da bərabər tərəf kimi yer ayrılması olub.
1994-cü ilin mayın 8-də ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri Vladimir Kazimirovun iştirakı ilə sənədi Azərbaycan Milli Məclisinin ovaxtkı sədri Rəsul Quliyev və "Dağlıq Qarabağ"ın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov imzalayıb.
Rusiyanın layihəsinə görə, Ermənistan və Azərbaycanın birinci şəxsləri atəşkəs sazişinin ardınca hazırlanacaq "Böyük sülh sazişi"nə imza atmalı idilər.
Mayın 19-da isə atəşkəs müqaviləsinin həyata keçirilməsinə nəzarət məqsədilə ATƏT-in "Dağlıq Qarabağ" üzrə daimi komitəsi yaradılıb.
Qeyd edək ki, 1993-cü ilin dekabr ayından etibarən Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində uğurlu hücum əməliyyatları keçirməyə başlayıb. Cəbhə xəttinin cənub istiqamətində hücum edən Azərbaycan Silahlı Qüvvələri Horadiz qəsəbəsi daxil olmaqla, Füzuli rayonunun 20-yə yaxın yaşayış məntəqəsini azad edib. Lakin Azərbaycan Ordusunun 1994-cü ilin fevral-mart aylarında Ağdam-Tərtər və Murovdağ istiqamətində hücumları istənilən nəticəni verməyib. Ermənistan Ordusu bütün ehtiyat qüvvələrini cəbhənin adıçəkilən istiqamətinə və şimalına yönəltməklə, Azərbaycan Ordusunun hücumunu dayandırmağa müvəffəq olub. Azərbaycan hərbi aviasiyasının fevral-mart aylarında Ağdam və Tərtər istiqamətində həyata keçirdiyi hava dəstəyi nəticəsində Ermənistan Ordusunun əsas ehtiyat qüvvələri məhv edilib. Məhz bundan sonra Rusiyanın işə qarışması ilə atəşkəsin imzalanmasına dair danışıqlara start verilib.
Otuz ilə yaxın müddət ərzində ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlar Azərbaycan-Ermənistan arasında münaqişənin həllinə nail olmadı.
Vətən müharibəsi və ya "Dəmir Yumruq" əməliyyatı 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.
Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilib.
Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilişdir. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı hərbi əməliyyatları dayandırmağa, hər iki tərəfi gərginliyi azaltmağa və danışıqları təxirə salmadan davam etdirməyə çağırıb.
Əfqanıstan, Ukrayna, Pakistan, Türkiyə və Şimali Kipr Türk Respublikası isə Azərbaycana dəstək olduqlarını bildirmişdir. 29 sentyabr tarixində BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyətlə əlaqədar təcili iclas keçirmişdir.
Rusiyanın vasitəçiliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənən və həm Ermənistan, həm də Azərbaycan tərəfindən qəbul edilən humanitar atəşkəs rəsmi olaraq 10 oktyabr tarixində qüvvəyə minsə də, Ermənistan Silahlı Qüvvələrinin mülki vətəndaşları hədəfə alan terror aktları nəticəsində atəşkəs yenidən pozulmuş, yaralıların və məhbusların mübadiləsi dayandırılmışdır.
Üçtərəfli bəyanat
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar. Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir.
Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq.
Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir.
Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.