DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan qalib gəlsə, Türkiyə Kiyevə silah tədarük etməyəcək - ekspert

Türkiyəli analitik bildirib ki, ölkəsi NATO-nun üzvü olsa da, bu məsələdə nisbətən neytral mövqeyini qoruyub saxlayır.
Sputnik
BAKI, 12 may — Sputnik. Türkiyənin həm hazırkı hakimiyyəti, həm də müxalifəti Ukrayna böhranı ilə bağlı ölkənin bitərəfliyi mövqeyindən çıxış edir. Eyni zamanda hazırkı lider Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində qalib gəlsə, Ankaranın Kiyevə silah göndərməyəcəyini proqnozlaşdırmaq olar.
Bu barədə RİA Novosti-yə türkiyəli analitik Engin Özər bildirib.
Türkiyədə prezident və parlament seçkiləri mayın 14-nə təyin edilib. Prezident seçkilərində əgər namizədlərdən heç biri 50% səs toplaya bilməsə, seçkilərin ikinci turu mayın 28-də keçiriləcək.
"Müxalifət və iqtidarın Ukraynaya silah tədarükü ilə bağlı yaxın mövqeləri var. 2022-ci ilin martında Ərdoğan Türkiyənin Ukrayna ilə Rusiya arasındakı münaqişədə tərəf olmamalı olduğunu bəyan edəndə müxalifət hökuməti tam dəstəklədi. Ankara nə Kiyevlə, nə də Moskva ilə ikitərəfli münasibətləri poza bilməz, mümkün qədər iki ölkə arasında neytrallığı qorumalıdır", - deyə Özər bildirib.
"Türkiyə NATO-nun üzvü olsa da, bu məsələdə nisbətən neytral mövqeyini qoruyub saxlayır. TB-2 pilotsuz uçuş aparatları xüsusi hərbi əməliyyat başlamazdan əvvəl Ukraynaya təhvil verilib. Buna baxmayaraq hazırda Ərdoğan hökuməti bu ölkəyə hücum silahı göndərmir", - deyə o əlavə edib.
Ekspert Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ rəsmilərinin Ankaradan Ukraynaya S-400 hava hücumundan müdafiə sistemləri göndərməsini istəməsi ilə bağlı son açıqlamasına da diqqət çəkib.
"Hökumət bu təklifə qəti şəkildə qarşı çıxdı. Digər tərəfdən, Ankara istəsə belə, bu təklifi qəbul edə bilməzdi. S-400 hava hücumundan müdafiə razılaşmasının mühüm maddələrindən biri də Rusiyanın icazəsi olmadan bu sistemin üçüncü ölkələrə göndərilə bilməməsidir. Hökumət bu təkliflə bağlı ABŞ hakimiyyəti ilə danışıqlara belə, başlamadı. Ərdoğan seçkilərdə qalib gəlsə, Türkiyənin yeni dövrdə Ukraynaya silah tədarük etməyəcəyini proqnozlaşdırmaq olar", - agentliyin həmsöhbəti bildirib.
Özərin sözlərinə görə, müxalifətin Ukrayna məsələsinə baxışı hakimiyyətin mövqeyindən çox da fərqlənmir.
"Müxalifət namizədi Kamal Kılıçdaroğlu Ukrayna məsələsinə qarışmaq istəmədiklərini bir neçə dəfə bəyan edib. Kılıçdaroğlunun təmsil olunduğu Cümhuriyyət Xalq Partiyası (CHP) pasifist və anti-ekspansionist xarici siyasəti ilə tanınır. Digər tərəfdən, S-400 hava hücumundan müdafiə məsələsində müxalifət hökumətdən fərqli düşünür və hesab edir ki, bu sistemlər ya geri qaytarılmalı, ya da Rusiya ilə razılaşdırılaraq üçüncü ölkəyə göndərilməlidir. Moskva uyğun görsə, bu ölkə Azərbaycan ola bilər. Müxalifət, hökumət kimi, Ukraynaya münasibətdə neytrallığın qorunmasının tərəfdarıdır", - analitik fikirlərini tamamlayıb.
Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə "odla oynayır". Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynaya Qərbdən silahların göndərilməsi Rusiya-Ukrayna danışıqlarına mənfi təsir göstərəcək. Lavrov bəyan edib ki, ABŞ və NATO Ukraynadakı münaqişədə birbaşa iştirak edir, o cümlədən, təkcə silah deyil, həm də şəxsi heyət göndərir.