Səksən qəpiyə başa gələn gediş, yoxsa 30% rentabellik? - Daşıyıcı şirkətlər niyə narazıdır
Daşıyıcı şirkətlərin bəziləri isə böyük məbləğdə borca düşərək bu sahədə fəaliyyətini dayandırdığını iddia edir.
SputnikBAKI, 12 may — Sputnik. "İctimai nəqliyyatda gediş haqqı 30 qəpikdən 40 qəpiyə qaldırılsa da, bu məbləğ bizim xərclərimizi ödəmir. Daşıyıcı şirkətlər dövlət tərəfindən yanacağa görə verilən subsidiyanın hesabına birtəhər vəziyyətdən çıxırdı. İndi onu da kəsiblər".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında dünən Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən şirkətlərə verilən yanacaq (dizel) subsidiyasının fevralın 1-dən kəsilməsinə etiraz edən daşıyıcılardan biri, "General Avto Company" firmasının direktor müavini Asif Rüstəmov Sputnik Azərbaycan-a açıqlamasında söyləyib.
Daşıyıcı şirkətlər nədən narazıdır?
O, gediş haqqının 10 qəpik artırılmasından dərhal sonra subsidiyanın kəsilməsinin onların fəaliyyətinə ciddi çətinliklər yaratdığını deyir. Asif Rüstəmov bildirib ki, onlar bununla bağlı həm baş nazir Əli Əsədova, həmçinin də "K GROUP" MMC-yə müraciət ünvanlayıblar.
"Subsidiyanın verilməsi davam etsəydi bu qədər çətinə düşməzdik"
Həmsöhbətimiz deyir ki, 2021-ci ilin dekabr ayının 1-də Nazirlər Kabineti daşıyıcılara dizel yanacağına görə subsidiya verilməsi barədə qərar təsdiq edib. 2023-cü ilin yanvar ayının 31-də isə Tarif Şurası avtobuslarda gediş haqqını 10 qəpik civarında artırıb.
A.Rüstəmov deyir ki, bu artım daşıyıcı şirkətlərin amartizasiya xərclərini tam qarşılamırdı. Amma dizel yanacağına görə onlara subsidiya verildiyindən, birtəhər vəziyyətdən çıxırmışlar:
"Artıq daşıyıcı şirkətlərə yanacağa görə subsidiyanın verilməsi dayandırılıb. Eyni zamanda "K GROUP" MMC daşıyıcı şirkətlərdən hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni tutur. Biz ona görə də, "K GROUP" MMC-yə də müraciət etmişik ki, tutduqları komissiya haqqını azaltsınlar. Heç olmasa, bu rəqəm 5 faizdən 2 faizə endirilsin. Bir gediş haqqının 5 faizinin "K GROUP" MMC tərəfindən tutulması bizim onsuz da çətin olan vəziyyətimizi daha da ağırlaşdırır".
A.Rüstəmovun sözlərinə görə, daşıyıcı şirkətlər qarşısında avtobus parkının yenilənməsi barədə tələb qoyulub.
"Dünya bazarında isə həm avtobusların, həm də onların ehtiyat hissələrinin qiyməti bahalaşıb. Bir avtobusun amartizasiya xərci elə həddədir ki, gediş haqqı 80 qəpik olduğu halda ödənilir. Amma biz insanların sosial rifahını da düşünürük. Gediş haqqının 80 qəpik olması əhalinin sosial vəziyyətinə uyğun deyil. Ona görə yanacağa görə subsidiyanın verilməsinin davam etdirilməsini tələb edirik", - deyə daşıyıcı bildirib.
A.Rüstəmov deyir ki, daşıyıcılar 20-30 faiz rentabelliklə işləyirlər:
"Gələn gəlirin isə 90 faizi avtobusların texniki sazlığının saxlanılmasına, istehsalat bazasının yenilənməsinə sərf olunur. Ona görə biz məcbur olub bankalara müraciət edirik. Qazancımızın çoxu banklardan aldığımız kreditlərin faizlərini ödəməyə sərf olunur. Amma subsidiyanın verilməsi davam etsəydi bu qədər çətinə düşməzdik".
Həmsöhbətimiz onu da deyir ki, "K GROUP" MMC-ə indiyə qədər ödənilən 5 faiz texniki avadanlıqlar alması, quraşdırması üçün kifayət qədər bəs edib. 5 faizin 2 faizə endirilməsi daşıyıcı şirkətlərə böyük köməkdir.
O, deyir ki, banklar da onların hesabına pul köçürülərkən müəyyən faiz tutur. Beləcə, daşıyıcı şirkətlərin gəlirinin bir hissəsi də bankla köçürmələrə sərf olunur.
Daşıyıcıların vəziyyəti daha da ağırlaşacaq
Nəqliyyat üzrə eskpert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onsuz da daşıyıcıların çoxu dövlətin yanacağa görə verdiyi subsidiyanı ala bilmirdi. Çünki, daşıyıcı şirkətlərin bir qismində gedişhaqqı nağd ödənilirdi, onların sənədləri qaydasında deyildi:
"Həmçinin daşıyıcı şirkətlərə subsidiya dizel bahalaşandan sonra verilmişdi ki, onlar gediş haqlarını artırmağı tələb etməsinlər. Artıq gediş haqqı 10 qəpik bahalaşdı, subsidiya da dayandırıldı. İndi yenə daşıyıcı şirkətlər narazıdır ki, 10 qəpik qiymət artımı onların xərclərini ödəmir, heç olmasa subsidiyanın verilməsi davam etdirilsin".
E.Muradlı onu da qeyd edib ki, subsidiyaların dayandırılması daşıyıcı şirkətlərin vəziyyətini ağırlaşdıracaq. Nəticədə sərnişindaşımada keyfiyyət aşağı düşəcək. Onun fikrincə, maliyyə olmadan heç bir məsələni həll etmək olmaz.
Güzəştlər davam etməlidir, əks halda...
"Əgər ictimai nəqliyyatı dirçəltmək istəyiriksə, güzəştlər davam etməlidir. Burdan 10 qəpik gedişhaqqını artırıb o tərəfdən subsidiyanı kəsmək daşıyıcı şirkətləri çətin vəziyyətə salır. Çünki, onların banklara milyonlarla manat borcları var. Ona görə də onlara yanacağa görə subsidiya verilməlidir. Əks halda ictimai nəqliyyatda xidmət səviyyəsi də aşağı düşəcək. Daşıyıcılar avtobus parkını yeniləməkdə, nasaz avtobusların ehtiyat hissələrini alıb təmir etməkdə çətinlik çəkəcəklər. Belə davam etsə, daşıyıcı şirkətlər iflasa uğrayacaq", - deyə ekspert bildirib.
"Böyük məbləğdə borca düşərək bu sahədə fəaliyyətimi dayandırdım"
Artıq daşıyıcı şirkətlər arasında bu sahədə fəaliyyətini dayandıranlar da var. "Azland Plaza" MMC-nin sabiq rəhbəri Azadxan Xanməmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, o şirkəti başqa şəxsə sataraq bu sahədən uzaqlaşıb.
"Nəqliyyat sahəsində vəziyyət günü-gündən çətinləşir. Daşıyıcıların banklara borcları var. Üstəlik subsidiyanın verilməsini də dayandırdılar. Mən gətirdiyim avtobusları xəttə buraxa bilmədim. Bizim marşrutu "Bakubus"a verdilər. Bir sözlə, işləmək sərf etmədi. Ona görə, böyük məbləğdə borca düşərək bu sahədə fəaliyyətimi dayandırdım", - deyə Azadxan Məmmədov bildirib.
Daşıyıcıların baş nazirə müraciəti
Məlumat üçün bildirək ki, bu günlərdə daşıyıcılar məsələ ilə bağlı baş nazir Əli Əsədova müraciət edib. Müraciıtdə bildirilir ki, Tarif Şurasının 31.01.2023-cü il tarixdə keçirilən iclasında yeni tariflər təsdiq edilib və aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilib. Dəyişiklik nəticəsində yarana biləcək vəsaitin avtobus parklarının yenilənməsinə imkan yaradacağı, xidmətin keyfiyyətinin yüksələcəyi və dayanıqlılığa müsbət təsir göstərəcəyi proqnozlaşdırılırdı.
Lakin Tarif Şurasının bu qərarından sonra daşıyıcı şirkətlərə dizel yanacağına görə verilən subsidiya dayandırılıb. Belə ki, Nazirlər Kabinetinin 01.12.2021-ci il tarixli, 379 saylı qərarı ilə "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası" təsdiq edilib.
Sözügedən qaydanın 3.1-ci bəndinə əsasən subsidiya "Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 04.04.2021-ci il tarixli qərarı qüvvəyə mindiyi tarixdən "İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə" Tarif (qiymət) Şurasının 30.07.2018-ci il tarixli, 7 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərin qüvvədə olduğu müddəti əhatə edən dövr üzrə verilir. Tarif (qiymət) Şurasının 31.01.2023-cü il tarixində keçirilən iclasında da əvvəlki tariflər ləğv edildiyi üçün subsidiyanın verilməsi dayandırılıb.
Daşıyıcı şirkətlərin müraciətində bildirilir ki, subsidiyanın kəsilməsi sərnişindaşımada maya dəyəri yenidən yüksəldib və müsbət gözləntiləri minimuma endirib:
"Bakıda avtobuslarla sərnişindaşıma xidmətinin 81 faizi özəl daşıyıcı şirkətlər tərəfindən icra edilir. Maliyyə hesabatlarına əsaslanaraq, hal-hazırda sərnişindaşımada mövcud olan gediş haqqının maliyyə xərclərinin qarşılanması üçün yetərli olmadığını bildiririk. Nəzərə alınmalıdır ki, Bakı şəhərində ictimai nəqliyyatda dizel yanacağı ilə işləyən avtobus nəqliyyat vasitələrinin payı qaz yanacağı ilə işləyən avtobusların payından xeyli çoxdur. Bundan başqa 3 ilə yaxın davam edən pandemiya sərnişindaşıma şirkətlərinə çox ciddi zərbə vurub, əhalinin sosial və iqtisadi aktivliyinin azalması sərnişin axınının kəskin azalmasına və gəlir imkanlarımızı minimuma endirməklə böyük maliyyə itkisinə səbəb olub. Bundan əlavə qlobal bahalaşma səbəbindən avtobus nəqliyyat vasitəsinə zəruri olan sürtkü yağları, şin və sair bütün növ ehtiyat hissələrinin qiyməti 50 faizədək bahalaşıb".
Müraciətdə xatırladılıb ki, 2021-ci ildə ölkə ərazisində dizel yanacağının qiyməti 33% bahalaşaraq, 80 qəpik müəyyən edilib:
"Hazırki vəziyyətdə dizel yanacağına görə verilən subsidiyanın dayandırılması bu sektorda yenidən iqtisadi vəziyyətin ağırlaşmasına səbəb olmaqdadır. Bu hal iqtisadi vəziyyətimizin ağırlaşmasına, xidmət keyfiyyətinin aşağı düşməsinə və ümumilikdə ictimai nəqliyyatın cəmiyyətdə nüfuzunun azalmasına gətirib çıxarır. Nəticədə bazar reallığından aşağı olan gediş haqqı və subsidiyanın kəsilməsi şirkətləri ciddi maliyyə itkilərinə məruz qoymaqla, borclanmanı daha da artıracaq və fəaliyyət imkanlarımız risk altına salacaq. Nəzərə alınmalıdır ki, nəqliyyatın inkişafı təkcə yük və sərnişin daşıma əməliyyatını yerinə yetirmir, eyni zamanda, minlərlə əhalinin nəqliyyat sahəsində işlə təmin edilməsində, əhalinin məskunlaşmasında vacib iqtisadi əhəmiyyət kəsb edir. Bu gün paytaxtın ictimai nəqliyyatının bel sütunu olan avtobuslarla sərnişindaşıma xidməti çox ciddi iqtisadi və texniki böhranlar yaşayır".
Qeyd edək ki, ölkəmizdə metro və dəmiryolu nəqliyyatı dövlət tərəfindən əlavə maddi dəstək alır. Hazırda paytaxt Bakıda ictimai nəqliyyatın 81%-nə özəl daşıyıcı şirkətlər nəzarət edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.