BAKI, 12 may — Sputnik. Mayın 12-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, sülh sazişi üzrə danışıqlarda, eləcə də regionda cari vəziyyət müzakirə mövzusu olub.
Nazir Ceyhun Bayramov müzakirələr zamanı sülh sazişi üzrə danışıqlarda ölkəmizin mövqeyi və prioritetlərini, eləcə də gələcək gözləntilərini diqqətə çatdırıb. O, eyni zamanda, Ermənistanın sülh prosesinə və danışıqlara xələl gətirən təxribatçı addımları barədə qarşı tərəfə məlumat verib.
Rusiya XİN nümayəndəsi regionda sülh və sabitliyin təmin olunmasının olduqca vacib olduğunu və bu istiqamətdə Rusiya tərəfinin hər cür dəstəyə hazır olduğunu bildirib.
Görüş zamanı, qarşılıqlı maraq doğuran digər məsələr ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, 2022-ci ildə xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev aprelin 14-də Rusiya xarici işlər nazirinin Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi təyin olunub.
“Xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev öz işini yeni vəzifədə davam etdirəcək. O, diqqətini Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına yönəldəcək. Biz Bakı ilə Yerevandakı müttəfiqlərimiz və tərəfdaşlarımızın Xovayevin səylərinə dəstək verilməsinə ümid edirik”, - Zaxarova deyib.
Rəsmi Moskva 2021-ci ilin iyul ayında ATƏT-in Minsk Qrupundakı rusiyalı həmsədri İqor Popovu diplomat İqor Xovayevlə əvəz etmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.