Azərbaycan-Ermənistan sərhədində vəziyyət

XİN: Ermənistan Azərbaycana qarşı hərbi təxribatlarını artırır

Ermənistanın təxribatlarının hər zaman olduğu kimi sülh sazişi üzrə danışıqların intensivləşdiyi, eləcə də liderlər arasında gözlənilən danışıqlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir.
Sputnik
BAKI, 11 may — Sputnik. Ermənistan Respublikası sərhədyanı bölgələrdə Azərbaycana qarşı hərbi təxribatlarını artırır.
Bu barədə Azərbaycan XİN-in yaydığı məlumatda deyilir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumata əsasən, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib və bu təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu ağır yaralanıb.
Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Azərbaycan Ordusunun mövqelərini minaatanlardan atəşə tutub, təxribatlar nəticəsində bir nəfər hərbi qulluqçumuz həlak olub.
Ermənistanın təxribatlarının hər zaman olduğu kimi sülh sazişi üzrə danışıqların intensivləşdiyi, eləcə də liderlər arasında gözlənilən danışıqlar fonunda baş verməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını göstərir. Ermənistanın danışıqlar prosesinə xələl gətirən bu kimi əməlləri ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır.
Ermənistanın təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımı tədbirləri görür.
Vəziyyətin qəsdən gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub