BAKI, 11 may — Sputnik. Şimali Atlantika Alyansı 2014-cü ildən Ukraynada münaqişəyə hazırlaşır.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq "The Washington Post" qəzetinə müsahibəsində bildirib.
"O vaxtdan etibarən NATO Soyuq Müharibədən bəri kollektiv müdafiəmizin ən geniş şəkildə möhkəmləndirilməsini həyata keçirib", - deyə o bildirib.
Stoltenberq qeyd edib ki, alyans müdafiə xərclərini artırıb və Şərqi Avropada bölmələr yerləşdirib.
NATO-nun baş katibi bildirib ki, Şimali Atlantika Alyansı tarixdə ilk dəfə olaraq Polşa və Baltikyanı ölkələrdə döyüş bölmələri yerləşdirib.
Onun sözlərinə görə, "NATO-nun şərq cinahında", təxminən 40 min hərbçi və dəniz və hava qüvvələrinin bölmələri yerləşir.
Stoltenberq, həmçinin əlavə edib ki, alyansın müdafiə büdcəsinin maliyyələşdirilməsinin 80 faizi Aİ üzvü olmayan ölkələrin payına düşür. Xüsusilə, söhbət ABŞ, Kanada və İngiltərədən gedir. Kiyevə 78 faiz hərbi dəstəyi məhz bu ölkələr verirlər.
Bundan əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Şimali Atlantika Alyansının Şərqi Avropada əlavə hərbi kontingentlər yerləşdirdiyini və Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturu modernləşdirdiyini bildirib.
O vurğulayıb ki, Rusiya Federasiyasının sərhədləri yaxınlığında NATO bölmələrinin təlimi intensivləşdirilib.
Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova xatırladıb ki, Rusiya öz təhlükəsizliyinə görə Ukraynanın alyansa qoşulmasına icazə verməyəcək. Onun sözlərinə görə, NATO Ukraynada Rusiya Federasiyasını "məğlub etməyi" qarşısına məqsəd qoyur və Kiyevi motivasiya etmək üçün münaqişə başa çatdıqdan sonra ölkənin alyansa qəbul oluna biləcəyini vəd edir.