BAKI, 11 may - Sputnik. Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
"Bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir. Bir daha bildiririk ki, bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda qeyd olunub.
***
Ermənistan tərəfi dezinformasiya yayıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya tibb maşınına atəş açılması barədə Ermənistan mətbuatında yayılan məlumatlar yalandır, dezinformasiya xarakteri daşıyır", - nazirlikdən bildirilib.
***
Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatlarını genişləndirmək məqsədilə iriçaplı silahlar və minaatanlardan istifadə etməklə mövqelərimizi atəşə tutmağa davam edir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətli cavab tədbirləri görülür.
Nazirlikdən verilən digər xəbərə görə, mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.
Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.
***
Mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.
Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə çatdırılıb.
Ermənistan tərəfinə təxribatlarına son qoyulması və qəsdən vəziyyətin gərginləşdirməməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq növbəti dəfə atəşkəsi pozub.
Təxribat törədilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülüb.
Qəsdən törədilən bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.