BAKI, 11 may — Sputnik. Rusiya Qarabağ məsələsində vasitəçi kimi çıxış edir, Ermənistan və Azərbaycandan təmkin nümyiş etdirmələrini gözləyir. Moskva Bakı və İrəvanla əlaqələri davam etdirəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bilirsiniz ki, təmaslar davam edir. Prezident Vladirmir Putin Qələbə bayramı münasibətilə Moskvada olan Ermənistanın baş naziri Nikol Paşinyanla ayrıca söhbət edib, Azərbaycan tərəfi ilə də təmaslar davam edir. Rusiya öz funksiyalarını yerinə yetirməyə davam edəcək, biz əlbəttə ki, tərəflərdən təmkinli yanaşma gözləyirik və gərginliyin artmasına səbəb ola biləcək hər hansı addım atmamağa çağırırıq", - Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Rusiya həm Bakı, həm də İrəvanla əlaqələri davam etdirəcək.
Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Xatırladaq ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında bundan əvvəl Vaşinqtonda danışıqlar aparılıb, müzakirələr 4 gün davam edib. Nazirlər iki dəfə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə edildiyini bildirib. Paşinyanla Əliyev arasında növbəti görüş Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə mayın 14-də Brüsseldə keçiriləcək.