BAKI, 11 may — Sputnik. 2023-cü ilin yanvar-aprel aylarında əsas kapitala 4580 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21,1% çox vəsait yönəldilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 25,8%, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 18,5% artıb.
İstifadə olunan vəsaitin 2620,2 milyon manatı və ya 57,2%-i məhsul istehsalı sahələrinə, 1702,5 milyon manatı (37,2%-i) xidmət sahələrinə, 257,3 milyon manatı (5,6%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3344 milyon manatını və ya 73%-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 3252 milyon manatı və ya 71%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilən vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 47,1%, büdcə vəsaitləri 36,7%, əhalinin şəxsi vəsaitləri 6,8%, bank kreditləri 3,7%, sair vəsaitlər isə 5,7% təşkil edib.