BAKI, 11 may — Sputnik. ATƏT Daimi Şurasının iclasında Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son təxribatla bağlı məsələ qaldırılıb.
Bu barədə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Rövşən Sadıqbəyli bildirib.
"Bu cür əməllər sülh prosesini baltalayır və beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır. Ermənistanın sülhə məcbur edilməsi və onu normallaşma prosesinin məntiqində saxlanılması üçün əlavə tədbirlər görülməlidir", - o qeyd edib.
Qeyd edək ki, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.