BAKI, 10 may — Sputnik. Sosial platformada, telekanallarda süni mayalanma mərkəzlərinin, süni mayalanmanı həyata keçirən həkimlərin reklamı sərt tənqid olunur. Sputnik Azərbaycan bu mərkəzlərin, eləcə də həkimlərin reklamının peşəkarlığının yoxlanılıb-yoxlanılmadığını araşdırıb.
TƏBİB-dən Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda bildirilib ki, hazırda respublikamızda fəaliyyət göstərən süni mayalanma mərkəzlərində çalışan həkimlər mütəmadi şəkildə Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 891-IIIQD nömrəli Qanununa, Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2009-cu il tarixli Fərmanına və Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 nömrəli Qərarı ilə təsdiq edilmiş "Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiya qaydası"na uyğun olaraq 5 ildən bir imtahan olunur və bilik səviyyələri yoxlanılır. Ona görə də reklam olunan həkimlər də kifayət qədər təcrübəlidirlər.
"Hazırda mövcud süni mayalanma mərkəzlərində çalışan həkimlərin çoxu Türkiyə Cümhuriyyətində uzmanlıq təhsili alıblar, bir çoxları reproduktiv sağlamlıq haqqında əlavə təhsil proqramında iştirak ediblər. Eləcə də ölkəmizdə xarici mütəxəssislərin iştirakı ilə beynəlxalq konfranslar keçirilir, bu da peşəkarlıq səviyyəsinin artmasına şərait yaradır. Nəzərə alsaq ki, ölkəmizdə süni mayalanmanın uğur göstəricisi Amerika və Avropa ölkələri ilə eynidir, bu da həkimlərimizin peşəkarlığının bir göstəricisidir", - deyə sorğuya cavabda bildirilib.
Bununla belə, qurumdan bildirilib ki, mövcud süni mayalanma mərkəzləri özəl tibb müəssisələrində fəaliyyət göstərir, bu da bir az onların nəzarətdənkənar qalmasına şərait yaradır.
O ki qaldı süni mayalanmaya görə pasiyentlərə zəmanətin verilməsinə, TƏBİB-dən bildirilib ki, dünya praktikasında da süni mayalanmanın uğur faizi 60%-dir:
"Buna görə pasiyentə tam zəmanət verilə bilməz. Pasiyent süni mayanmaya müraciət edərkən bütün bunları nəzərə almalıdır. Təəssüf ki, tibbin heç bir sahəsində 100 faizli zəmanət yoxdur".
Qeyd edək ki, "Reklam Haqqında Azərbaycan Respublikası Qanunun 29-cu maddəsi "Dərman vasitələrinin, tibbi təyinatlı texnikanın və məmulatların, tibbi xidmətlərin reklamı"na həsr olunub.
Bu maddənin 29.5. bəndində qeyd edilir ki, hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır. Qanunvericiliyin tələbini pozan telekanallar 5-8 min manat məbləğində cərimələnir. Bu hallara təkrar yol verən telekanallara qarşı yayımın dayandırılması, cərimə məbləğinin artırılması kimi sərt sanksiyalar tətbiq olunur. Ötən həfə buna görə Azərbaycan Respublikası Audiovizual Şurası bir neçə telekanala xəbərdarlıq etmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.