TƏHLİL

Sülh danışıqları - Liderlərin Brüssel görüşündən hansı gözləntilər var?

Millət vəkili Arzu Nağıyev deyir ki, Vaşinqton görüşü ilə sürətləndirilmiş sülh prosesinin davamının olacağı gözlənilən idi.
Sputnik
BAKI, 10 may — Sputnik. "Financial Times" yazıb ki, Azərbaycan və Ermənistan liderləri mayın 14-də Brüsseldə görüşəcəklər. Vaşinqton görüşünün ardınca Azərbaycan və Ermənistan arasında növbəti diplomatik təmasın Moskvada olacağı gözlənilirdi.
Bəs Azərbaycan Brüssel görüşünə nə ilə gedir?
Mövzu ilə millət vəkili Arzu Nağıyev və politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a fikirlərini bölüşüb.
Sürətləndirilmiş sülh prosesinin davamı
Millət vəkili Arzu Nağıyev deyir ki, Vaşinqton görüşü ilə sürətləndirilmiş sülh prosesinin davamının olacağı gözlənilən idi: "KİV-də yayılmış məlumatlar növbəti görüşün Brüsseldə baş tutacağı yönündədir. Azərbaycan bütün platformalarda bu prosesin davam etdirilməsinin tərəfdarıdır. Bir şərtlə ki, nəticə olsun. Azərbaycanın tələbləri çox sadə və anlaşıqlı şəkildə Ermənistana təqdim edilmiş 5 prinsipdən ibarət sənəddə ifadə olunub. Biz artıq Vaşinqton görüşü ilə gördük ki, tərəflər müəyyən məqamlarda uzlaşmaya nail ola biliblər. Ancaq düşünmürəm ki, bu, yekun sülh sazişinin imzalanması üçün yetərlidir. Daha ardıcıl və təsirli işin görülməsinə ehtiyac var".
Azərbaycanın qarşısında iki əsas məsələ dayanır
Millət vəkili hesab edir ki, Brüsseldə keçirilməsi nəzərdə tutulmuş görüşdə razılığa gəlinməyən məsələlərin müzakirəsi aparılacaq: "Sülhün bərqərar olması üçün zəruri addımlar atılmalıdır. Azərbaycan tərəfi delimitasiya və demarkasiya, o cümlədən digər problemli məsələlərin həllində israrlıdır. Azərbaycan tərəfi ən ali səviyyədə bildirib ki, ikitərəfli, yəni vasitəçi olmadan görüşlərin keçirilməsi daha məqsədə uyğundur. Azərbaycanın qarşısında iki əsas məsələ dayanır: Ermənistanla sülh sənədinin imzalanması və erməni əsilli vətəndaşların inteqrasiya prosesinin sürətləndirilməsi. Regionda maraqları olan geosiyasi güclər bu prosesdə öz vasitəçiliklərini işə salmaqla rol almağa çalışırlar. Ancaq Qarabağda hərbi əməliyyatların dayandırılmasına nail olmuş Moskvanı bu prosesdən kənarda qoymaq rasional yanaşma deyil. Eyni zamanda Fransanın özünün birtərəfli yanaşması ilə onun vasitəçilik missiyası sıradan çıxıb. Bu gün Aİ platforması Fransanı və bu prosesdə birtərəfli mövqe tutmağa çalışan digər ölkələri əvəz edir".
Brüssel danışıqlarının məqsədi
Politoloqun sözlərinə görə, çox gərgin keçmiş Vaşinqton görüşlərindən sonra Brüssel yenidən fəallığını artırmağa çalışır: "Düşünürəm ki, Brüssel danışıqları da Vaşinqton formatında keçirilmiş danışıqların daha da irəli aparılması məqsədini daşıyır. Onu da qeyd etmək yerinə düşər ki, brüsseldə keçirilmiş sülh danışıqları ABŞ patronajlığı ilə təşkil olunurdu və fonda ABŞ bu danışıqları dəstəklədiyini ifadə edirdi. Hər belə görüşdən sonra ABŞ dövlət katibi Entoni Blinkenin Bakı və İrəvana telefon zəngləri müşahidə olunurdu. Bununla da bütün bu prosesləri ABŞ-ın idarə etməsinə dair təəssürat yaranmışdı".
Qərb Brüssel formatını reanimasiya etməyə çalışır
Politoloq qeyd edir ki, Fransa və Ermənistanın pozuculuq fəaliyyətləri, sonda ABŞ-ın prosesə özünün birbaşa müdaxilə etməsi ilə nəticələndi: "Bu gün Qərb Brüssel formatını reanimasiya etməyə çalışır. Qərb, xüsusən də ABŞ əlində olan bütün imkanlardan istifadə edir ki, Cənubi Qafqazda sülh və təhlükəsizliyi təmin edə bilsin. Görünür planlaşdırılan odur ki, gələn ayın əvvəlində Moldovada keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyinin sammitinə qədər bir çox məsələlər həllini tapsın".
Azərbaycan üçün danışıqlarda moderatorun kim olmasının önəmi yoxdur
Danışıqların məğzinə gəldikdə isə İlyas Hüseynov bildirib ki, artıq müəyyən məsələlərdə tərəflər arasında razılıq əldə olunub: "Elə məsələlər var ki, onlar prinsipial xarakter daşıyır və onlarla bağlı tərəflər arasında konsensusa nail olmaq hələlik mümkün olmayıb. Bu, Qarabağ iqtisadi rayonu ərazisində məskunlaşmış ermənilərlə bağlıdır. Qeyd olunmalı məqam odur ki, Azərbaycan üçün danışıqlar prosesində moderatorun kim olmasının fundamental önəmi yoxdur. Azərbaycan üçün istənilən formatda keçirilən görüşlərdə siyasi gündəlik dəyişmir. Qərbin danışıqlar prosesində fəallaşması diqqətçəkən məqamdır. Vaşinqton danışıqlarının aralıqsız dörd gün davam etməsi də göstərir ki, tərəflər prosesin davam etdirilməsində maraqlıdır. Amma eyni zamanda unutmaq olmaz ki, ABŞ-ın bu prosesdə xüsusi fəallıq göstərməsi həm də onun geosiyasi maraqlarından qaynaqlanır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.