BAKI, 10 may — Sputnik. Sudanda davam edən silahlı münaqişə səbəbindən yaxın aylarda aclıq çəkən insanların sayı 2-2,5 milyon nəfərə çata bilər.
BMT münaqişə səbəbindən Sudanda ərzaq təhlükəsizliyinin kəskin zəifləyərək rekord səviyyəyə çatacağını proqnozlaşdırır. Proqnozlara görə, bu, 19 milyon insana – ölkə əhalisinin 40 faizinə təsir göstərəcək.
Ölkədə silahlı toqquşmaların başladığı dövrdən bəri ərzağın qiyməti xeyli artıb. Əgər fermerlər may-iyul ayları ərzində əsas kənd təsərrüfatı məhsullarının əkinini həyata keçirə bilməsələr, qiymətlər daha çox bahalaşacaq.
Təhlükəsizliklə bağlı vəziyyət fonunda Sudandakı fəaliyyətini dayandıran BMT-nin Ümumdünya Ərzaq Proqramı ötən həftə yenidən işə başladıqdan sonra 35 mindən çox insanı lazımi ərzaqla təmin edib. Təşkilat yaxın aylarda fövqəladə yardımın miqyasını 4,9 milyon nəfərə çatdırmağı hədəfləyir.
Qeyd edək ki, Sudanda vəziyyət Suveren Şuraya rəhbərlik edən ordu komandanı Əbdül-Fəttah əl-Burhan ilə onun Şuradakı müavini olan çevik reaksiya qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı səbəbindən gərginləşib. İki hərbi struktur arasındakı əsas ziddiyyətlər ölkənin vahid silahlı qüvvələrinin formalaşdırılmasının vaxtı və üsulları, eləcə də orduda kimin baş komandan olması ilə bağlıdır. Aprelin 15-də tərəflər arasında silahlı münaqişə başlayıb.